Dekabrın 22-də vergilər naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib. Bu barədə Banker.az-a Nazirlikdən xəbər verilib.
Son illər ölkəmizdə bütün sahələrdə əldə olunmuş uğurlardan danışan M.Cabbarov bunun əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş iqtisadi siyasətinin dayandığını bildirib və qonaqlara ölkədə aparılan islahatlar, xarici investorlar üçün yaradılmış şərait, ölkəmizdə mövcud olan əlverişli biznes mühiti və həyata keçirilən vergi siyasəti barədə məlumat verib.
Qeyd edilib ki, hər iki ölkə son illərdə böyük regional layihələrin həyata keçirilməsində birgə əməkdaşlıq edirlər. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi” kimi layihələr qlobal miqyasda böyük əhəmiyyət daşımaqla, hər iki ölkənin iqtisadiyyatına böyük dividentlər gətirir. M.Cabbarov ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın və təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib.
Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Gürcüstan iqtisadiyyatı, qonşu ölkədə aparılan islahatlar və həyata keçirilən iqtisadi siyasət barədə məlumat verib və Azərbaycanın Gürcüstan üçün vacib tərəfdaş və əsas investor olduğunu vurğulayıb. Gürcüstanın maliyyə naziri Azərbaycan iqtisadiyyatının strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin və ixrac imkanlarının artırılması istiqamətində hökumətin atdığı addımları yüksək dəyərləndirərək ölkə Prezidenti ilə görüşü zamanı dövlət rəhbərliyinin iqtisadi yeniliklərə böyük motivasiyasının və iradəsinin şahidi olduğunu qeyd edib.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər vergilər sahəsində qarşılıqlı dəstək və operativ məlumat mübadiləsi barədə də fikir mübadiləsi aparıb, Azərbaycan nümayəndə heyətinin vergilər sahəsində təcrübə mübadiləsi məqsədilə Gürcüstana səfər etməsi barədə razılıq əldə olunub.