9 C
Baku
Monday, December 23, 2024

Vergilər Nazirinin 1 ili – Nələr dəyişdi?

Vergilər Nazirinin 1 ili: “Vergi ödəyicilərinə münasibətdə ittiham tonunda danışmayan və vergi orqanlarının da səhvləri olduğunu etiraf edən ilk vergilər naziridir”

Azərbaycanda vergilər nazirinin dəyişməsindən bir il ötür. Prezidentin sərəncamı ilə Fazil Məmmədovun vergilər naziri vəzifəsindən azad edilib, yerinə Mikayıl Cabbarovun təyin olunmasından keçən bu dövr ərzində ölkə ictimaiyyətinin gözü bu orqanlarda olub desək, yanılmarıq. Çünki F.Məmmədov vəzifədən azad olunan zaman fəaliyyəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən tənqid olunmuşdu. Yeni təyinatdan az sonra nazir M.Cabbarov vergi orqanlarında, eyni zamanda vergilər sistemində ciddi dəyişikliklərin olacağına dair açıqlamalarla çıxış etdi.

Bir qədər sonra ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirələr təşkil olundu. Müzakirə mövzusu isə vergitutma sistemində hansı dəyişikliklərin zəruri olması idi. İl ərzində bir neçə dəfə belə müzakirələr keçirildi: həm mütəxəssislər, həm sahibkarlarla. Nəhayət, ilin sonuna yaxın vergi sistemində gözlənilən dəyişikliklərin konturları ictimaiyyətə açıqlandı. Bu müddət ərzində həm də vergi orqanlarında xeyli dəyişikliklər baş verdi, xeyli sayda vəzifəli şəxs işdən azad olundu və sair.

Sahibkarların bir çoxu vergi orqanlarının indiki işindən razılıq edir. Bununla bağlı söhbət apardığımız bir neçə sahibkar vergi orqanlarında rüşvətxorluğun qarşısının alındığını bildirir

Sahibkarlardan birinin dedikləri: “Açıq görürük ki, vergi əməkdaşları vicdanla işləyirlər. Yəni kimin dövlətə nə ödəyəcəyi varsa, onu istəyirlər. Əvvəl beləydi ki, pulunu verib, vergi ödəməkdən yayına bilirdin. İndi belə hal mümkün deyil. Açığı, bir çoxları üçün belə işləmək rahat deyil – narazılıq edənlər də var ki, pulnan heç bir məsələni həll edə bilmirlər. Amma yəqin ki, zaman keçdikcə bu vəziyyətə alışacaq hamı”.

Sahibkarların Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı gözləntiləri də çoxdur: “Ticarət sahəsində çalışanlar üçün müəyyən çətinliklər olacaq, hamı belə fikirləşir. Amma digər sahələrdə çalışanlar üçün müsbət dəyişikliklər çoxdur. Yəqin ki, dəyişikliklər praktikada tətbiq olunmağa başlayandan sonra daha dəqiq qiymət verə biləcəyik”.

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul deyir ki, M.Cabbarov vergi ödəyicilərinə münasibətdə ittiham tonunda danışmayan, vergilərin dövlət büdcəsinə tam və şəffaf şəkildə ödənilməsi ilə bağlı mövcud problemlərdə vergi ödəyicilərilə yanaşı, vergi orqanlarının da səhvləri olduğunu etiraf edən ilk vergilər naziridir: “Nazir ilk ictimai çıxışında Vergi Məcəlləsinə ildə bir neçə dəfə dəyişiklik edilməsi ənənəsinin yanlış olduğunu, vergi dəyişikliklərinin ilin sonunda büdcə paketilə birgə müzakirəsini doğru hesab etdiyini bildirmişdi. Nazir sözünü tutdu və il ərzində müxtəlif maraqlı tərəflərdən toplanmış təkliflər layihə halına salınaraq Milli Məclisə təqdim olundu. Təbii ki, dəyişikliklər layihəsinin hazırlanması prosesində, xüsusilə büdcənin düzgün tərtibi ilə bağlı böyük məsuliyyəti olan Maliyyə Nazirliyinin və digər əlaqəli dövlət qurumlarının da rolu var. Bu da ortaq məsuliyyət doğurur”.

Ekspertin sözlərinə görə, Vergi Məcəlləsinə son dəyişikliklər əsasən 3 istiqamətdə problemlərin aradan qaldırılmasını nəzərdə tutur: “Birincisi və ən vacibi qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, işəgötürən və işçilərin əmək müqaviləsi bağlaması istiqamətində təşviq olunmasıdır. Bura qeyri-dövlət sektorunda çalışanlara (qeyri-neft sektoru) münasibətdə 8 minə qədər əmək haqqı alanların muzdlu işlə bağlı ödəmə mənbəyində vergidən azad olunması, digər azadolma və güzəştlər daxildir. İkinci istiqamət uçot və hesabatlılıqla bağlı tələblərin sərtləşdirilməsidir. Bu məsələdə həm dövlət, həm də özəl sektora münasibətdə ciddi dəyişikliklər nəzərdə tutulur. İlin ortasında ”Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası qanununa edilən dəyişikliklər və əlavələrin nəzərdə tutduğu təkmilləşdirmələr Vergi Məcəlləsinə hazırkı dəyişikliklərlə davam etdirilib. Üçüncü istiqamət vergi inzibatçılığının təkmilləşdirilməsidir. Hesab edirəm ki, bu sonuncu vergilər nazirinin ən çox diqqət yetirdiyi məsələlərdəndir. Vergi ödəyicilərilə vergi orqanları arasında münasibətlərin sivil müstəvidə qurulması, nümunəvi vergi ödəyicilərinin yersiz narahat edilməməsi, elektron uçot və auditə üstünlük verilməsi başlıca prioritetlərdəndir”.

Q.Toğrulun fikrincə, Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı müzakirələrə xaricilərlə yanaşı, daha çox yerli ixtisaslaşmış konsaltinq şirkətlərinin və ekspertlərin cəlb olunması gərəkir: “Və yaxşı olardı ki, bu müzakirələr layihə əlaqədar qurumlara və parlamentə təqdim edilməmişdən öncə təşkil olunsun. Daha bir təklifim nazirlikdə ictimai şuranın yaradılması işlərinin sürətləndirilməsi ilə bağlıdır. Düzdür, nazirlik ildə bir neçə dəfə ekspertlərin görüşünü təşkil edir, dəyişikliklərlə bağlı müzakirələrə yerli ekspertlər dəvət olunur. Ancaq ictimai şura daimi fəaliyyət göstərən məşvərətçi qurum olduğundan, ictimai iştirakçılığın bu təkmil forması vətəndaş cəmiyyətini təmsil edən ekspertlərlə nazirlik arasında əməkdaşlığın daha səmərəli qurulmasına böyük töhfə verərdi”.

Musavat.com

Son xəbərlər
Digər xəbərlər