Vergilər nazirinin müşaviri Xaqani Abdullayev Azərbaycanda aparılan vergi islahatlarının ilkin nəticələri ilə bağlı Report agentliyinə müsahibə verib:
– Xəqani müəllim, artıq 6 aydır ki, biznes yenilənmiş Vergi Məcəlləsi ilə işləyir. Vergilər Nazirliyinin son günlərdə açıqladığı göstəricilər fiskal sahədə ciddi nailiyyətlərin əldə olunduğuna dəlalət edir. Bu, vergi islahatlarının səmərəliliyinin göstəricisidirmi? Bu gün biznesin yeni yanaşmalara adaptasiya edildiyini söyləmək mümkündürmü?
– 2019-cu il bütövlükdə həm iqtisadiyyatda, həm də sosial siyasətdə köklü dəyişikliklər və islahatlarla zəngin bir ildir. Aparılan iqtisadi siyasət və davamlı islahatların nəticəsi olaraq milli iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun və regionların tarazlı inkişafı sürətlənib, ölkəmizdə əlverişli biznes və investisiya mühiti təmin edilib. Ölkə iqtisadiyyatı dayanıqlı inkişaf dinamikasını saxlayır, xarici risklər və çağırışlar şəraitində yüksək sabitlik nümayiş etdirir. Azərbaycan 2019-cu ilə yeni, sosial-iqtisadi inkişafın təmin edilməsi sahəsində daha iddialı bir hədəflərlə daxil olub. Bu hədəflərin mühüm bir hissəsi ölkənin fiskal orqanları, o cümlədən vergi sistemi ilə bağlıdır.
Vergi daxilolmaları iqtisadiyyatda baş verən proseslərin, bir növ, “güzgü”südür. Bu dinamikada iqtisadi artımın, əlbəttə ki, mühüm bir payı vardır. Eyni zamanda, vergi daxilolmalarının sürətlənən artım dinamikası iqtisadiyyatda əhəmiyyətli şəffaflaşma proseslərinin baş verdiyini təsdiq edir. Ötən dövrdə vergi siyasətində və vergi inzibatçılığında aparılmış islahatlar da öz müsbət nəticələrini verməkdədir.
İqtisadi göstəriciləri şərh etməzdən öncə bu prosesin əvvəlinə qayıtmaq istərdim. Çünki islahatların fəlsəfəsi, onun qısa və uzunmüddətli hədəfləri baxımından haradan başladığımızı və hansı nöqtəyə gəldiyimizi aydın görməliyik.
Hələ 2018-ci ildə aparılacaq vergi islahatlarının əsas istiqamətləri müzakirə edilərkən, vergi xidmətinin rəhbərliyi bu prosesdə sahibkarların ictimai təşkilatları, ekspert cəmiyyəti ilə sıx əməkdaşlıq etməyə qərar verdi. Hər şeydən əvvəl bunu qəbul etmək lazımdır ki, islahatlar prosesi birtərəfli aparıla bilməz. Siz qarşı tərəfi dinləmədən, mövcud problemləri qəbul edib onların həllinə çalışmadan hər hansı nəticə əldə edə bilməzsiniz. Bu baxımdan, islahatların uğurlu olması üçün tətbiq olunacaq dəyişikliklər, onların məqsədi, vergi orqanlarının gələcək yanaşması vergitutma prosesinin tərəfi olan sahibkarlarla geniş müzakirə edilməli idi. Ona görə də bu sahədə çox fəal kommunikasiya prosesi həyata keçirildi.
İslahatların ilkin anonsu verilərkən bu dəyişikliklər, yeni yanaşmalar dərhal qəbul edilmədi. Şəffaf münasibətlərin qurulacağını, vergi orqanlarının uçotun qurulması və dövriyyələrin şəffaflaşdırılması ilə bağlı tələblərinin müvəqqəti, sadəcə bir kampaniya xarakteri daşıyacağını güman edənlər var idi. Hətta bəzi hallarda buna müqavimət də göstərilirdi: qiymətlərin artacağı, bizim hələ şəffaflaşmaya hazır olmadığımız barədə fikirlər səslənirdi.
Vergi islahatların həyata keçirilməsinə cənab Prezidentin siyasi dəstəyi sayəsində nail olundu. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında dövlətimizin başçısı “kölgə iqtisadiyyatı”nın yaratdığı fəsadların aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergidən yayınmanın qarşısının alınması, bazarda sağlam rəqabətin təmin edilməsi istiqamətində tədbirlərin görülməsi ilə bağlı müvafiq göstərişlərini verdi və beləliklə, vergi qanunvericiliyinə dəyişikliklər paketi qısa müddətdə hazırlanaraq hökumətə və parlamentə təqdim olundu.
2019-cu ilin ilk 6 ayından sonra ilkin rəqəmlərin və meyillərin təhlili bu qərarın düzgün addım olduğunu bir daha göstərir. “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznesin fəaliyyətinin və gəlirlərin leqallaşdırılması sahəsində atılan addımlar iqtisadi baxımdan hər hansı fəsadlar yaratmadan öz müsbət nəticələrini verməkdədir. Bu, bir daha göstərir ki, biznes leqal fəaliyyət göstərməyə, sağlam rəqabət şəraitində işləməyə meyillidir. Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verir. Bütün bunlar onu deməyə əsas verir ki, biznes adaptasiya prosesindən uğurla keçməkdədir.
Doğrudur, vergi orqanlarının şəffaflığın təmin edilməsi ilə bağlı yeni tələblərindən heç də hər kəs razı deyil. Gəlirlərini tam şəkildə bəyan etmək istəməyənlərin sayı hələ də çoxdur və illər boyu bəyan edilməyən gəlirlər hesabına mənfəət əldə edənlər bununla asanlıqla vidalaşmaq istəmirlər. Bəzən onların səsi gur gələ bilər, lakin hesab edirəm ki, bu, müvəqqəti haldır. Vergilər Nazirliyinin rəhbərliyi dəfələrlə bu fikri vurğulayıb və mən yenidən onu səsləndirmək istəyirəm: köhnə vərdişlər dəyişməlidir və bunun geriyə yolu yoxdur. Şəffaflıq zəncivari bir prosesdir. Həlqənin bir tərəfində başlayan proses bütün həlqəni əhatə edəcəkdir. Tədricən, yavaş-yavaş, lakin dönməz bir şəkildə biznesin fəaliyyəti tam leqallaşacaqdır.
Leqallaşma sağlam mühit, sağlam rəqabət şəraitidir və bu, təkcə yerli istehsalçılar üçün deyil, xarici investorlar üçün də əhəmiyyətli amildir. Avropa İttifaqı ölkələrindən olan investorlar arasında aparılan sorğunun nəticələrinə əsaslanaraq, 2019-cu il üzrə tərtib edilmiş “Biznes mühiti hesabatı”nda əcnəbi sərmayəçilər Azərbaycanın vergi sistemində aparılan islahatları yüksək qiymətləndirib və qarşıdakı dövrdə də vergi siyasətinin və islahatlarının hökumətin əsas gündəliyində qalmasının vacibliyini vurğulayıblar. “Kölgə iqtisadiyyatı” investoru hər hansı ölkəyə sərmayə yatırmaqdan çəkindirən ilk 3 amil sırasına daxildir. Bizim vəzifəmiz bazardakı sağlam rəqabət mühitini təmin etmək, qanunsuz və “yalançı” sahibkarların yaratdığı ədalətsiz rəqabət şəraitinin ləğv edilməsinə nail olmaqdır.
Vergi siyasəti biznesi sıxışdırmağa deyil, onun inkişafına, genişlənməsinə və böyüməsinə xidmət edir. Belə bir postulat var: “Vergini yığmırlar, onu ödəyirlər”. Vergi orqanları biznesin gəlir əldə etməsində, daha yaxşı işləməsində, daha çox qazanmasında və fayda götürməsində maraqlı olan tərəfdir. Çünki nəticə etibarilə, bu, dövlət büdcəsinə əlavə gəlirlərin yaranmasına gətirib çıxarır. Bu gün bizneslə aparılan tərəfdaşlıq və etimad yanaşması öz nəticələrini verməkdədir.
Dövlət büdcəsində neft gəlirlərindən asılı olmayan yeni gəlir mənbələrinin bazasının genişlənməsi dövlətimizə əlavə maliyyə imkanları yaradır və mühüm sosial-iqtisadi layihələri maliyyələşdirməyə imkan verir. Bu baxımdan, təkcə 2019-cu ildə qəbul edilmiş bir neçə mühüm sosial dəstək paketini xatırlamaq kifayətdir: əhalinin banklara olan borclarının tənzimlənməsi; sosial müavinətlərin və bir çox sahələrdə əmək haqlarının əsaslı artımı; minimum əməkhaqqının əhəmiyyətli şəkildə artırılması və s. özlüyündə böyük maliyyə yükü daşıyan qərarlardır. Ən əsası da odur ki, bütün bu layihələrin maliyyə yükü neft gəlirlərinin və ya Neft Fondunun vəsaitləri hesabına deyil, ümumilikdə ölkə iqtisadiyyatında əldə olunmuş artımın, fiskal tədbirlərin nəticəsi kimi dövlət büdcəsinə əlavə daxilolmalar hesabına öz həllini tapıb. Bu isə bir daha təsdiq edir ki, cənab Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, iqtisadi sahədə uğurlarımız vətəndaşlarımızın həyat səviyyəsində, dövlətin apardığı sosial dəstək siyasətində öz əksini tapır.
– İlkin nəticələr vergi daxilolmalarında sürətlənən artım dinamikasına dəlalət edir. Təhlillər nəyi göstərir?
– Vergi qanunvericiliyinə edilmiş dəyişikliklər, vergi yükünün və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş köklü islahatların həyata keçirilməsi şəratində cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorundan vergi daxilolmalarının nominal artım tempi (14,3%) qeyri-neft-qaz sektorunda ÜDM-in nominal artım tempini (7,9%) 1,8 dəfə üstələyib. Vergi daxilolmalarının vergitutmanın iqtisadi bazası olan ÜDM ilə müqayisədə üstün artım dinamikası vergi tutulan dövriyyələrin “ağarması” prosesinin sürətlənməsinə, habelə vergi nəzarətinin və vergi inzibatçılığının keyfiyyətinin yüksəlməsinə dəlalət edir. Bütövlükdə, 2019-cu ilin ilk 6 ayında vergi daxilolmaları 3.339,4 milyon manat proqnoza qarşı 3.632,8 milyon manat və ya 108,8% səviyyəsində icra olunub (proqnozdan əlavə 293,4 milyon manat vergi yığılıb). Daxilolmanın məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,4% və ya 250,2 milyon manat artıb.
Daxilolmaların strukturuna nəzər yetirsək, görərik ki, dövlət büdcəsinə əlavə gəlirlərin mühüm payı qeyri-neft-qaz sektorundan ödənilən vergilərin yüksək artım dinamikası ilə bağlıdır. Bu sektordan əlavə vergi daxilolmaları fiskal dayanıqlığın güclənməsinə münbit şərait yaradıb. Cari ilin birinci yarısında qeyri-neft-qaz sektoru üzrə dövlət büdcəsinə proqnozdan əlavə 280 milyon manata yaxın vəsait daxil olub. Ümumi daxilolmada qeyri-neft-qaz sektorunun xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 65,8%-dən 70,1%-ə yüksəlib.
Özəl sektorun da vergi daxilolmalarında iştirak səviyyəsinin yüksəlməsi müşahidə olunmaqdadır. Neft-qaz sektoruna xidmət edən subpodratçı şirkətlər üzrə daxilolmalar nəzərə alınmadan, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 14,5% artaraq 2.075,8 milyon manat olub və bu sahədəki artım tempi qeyri-neft sektorunda ÜDM-in nominal artım tempini (7,9%) 1,8 dəfə üstələyib. Qeyd olunan amil nəzərə alınmadan, qeyri-neft-qaz sektoru üzrə daxilolmanın cəmi daxilolmada xüsusi çəkisi 53,6%dən 57,1%ə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 15,9% və ya 269,1 milyon manat artaraq 1.959 milyon manat təşkil edib ki, bunun da sektor üzrə daxilolmada xüsusi çəkisi 75,9%dən 77%ə qalxıb.Neft-qaz sektoruna xidmət edən subpodratçı şirkətlər üzrə daxilolmalar nəzərə alınmadan, qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmalar 16,7% və ya 213.0 milyon manat artaraq 1.489,6 milyon manat təşkil edib, bunun sektor üzrə daxilolmada xüsusi çəkisi 57,3%dən 58,5%ə yüksəlib. Qeyd olunan amil nəzərə alınmadan, qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə daxilolmaların artım tempi qeyri-neft sektorunda ÜDM-in nominal artım tempini (7,9%) 2,1 dəfə üstələyib.
Nəzərə almaq lazımdır ki, bu dinamika sahibkarlığın inkişafının sürətlənməsi məqsədilə yeni vergi stimullarının tətbiqi şəraitində müşahidə olunur. Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları üzrə proqnozun yüksək icra səviyyəsi və artım dinamikasının iqtisadi artımla müqayisədə əhəmiyyətli dərəcədə yuxarı olması dövlət büdcəsinin fiskal dayanıqlığının gücləndirilməsinə və qeyri-neft büdcə kəsirinin azaldılmasına yönəldilmiş yeni büdcə qaydalarının effektiv tətbiqinə imkan verir.
– Xəqani müəllim, iqtisadiyyatın hansı sahələri üzrə daxilolmalarda daha çox artım müşahidə olunur? Vergi orqanlarının göstəriciləri nəyə işarə edir?
– Apardığımız təhlillər göstərir ki, ötən 6 ayda qeyri-neft-qaz sektorunun bütün fəaliyyət sahələrində, habelə regionlardan vergi daxilolmaları artmaqdadır. Bu dövrdə daxilolmalarda ən yüksək artım templəri rabitədə (+48%), bank və sığortada (+45%), pərakəndə ticarətdə (+27%), nəqliyyatda (+23%) və xidmət sahəsində (+21%) müşahidə olunmuşdur. Yüksək artım dinamikası, həmçinin, tədiyyə növləri üzrə də müşahidə edilməkdədir. Xüsusilə qeyri-neft-qaz sektoru üzrə göstəricilərə diqqət yetirsək, görərik ki, ƏDV-də 18% artım var. Bu, ƏDV-yə cəlb olunan dövriyyələrin artımı ilə bağlıdır. Buna təsir edən əsas amillər isə həyata keçirilən vergi islahatları, ölkədəki ümumi iqtisadi artım və əlbəttə ki, şəffaflaşma prosesləridir.
“Ağarma” indikatorları müəssisələrin rentabellik göstəricilərində və zərərə çıxan müəssisələrin sayının azalmasında müşahidə olunur. Sahibkarlar gəlirlərini və mənfəətlərini leqallaşdırmağa başlayıblar ki, bu da özünü mənfəət vergisi üzrə ödəmələrdə aşkar nümayiş etdirir. Bu ilin 6 ayının nəticələrinə görə, qeyri-neft sektorunda mənfəət vergisi üzrə daxilolmalarda 30% artım qeydə alınıb. Eyni zamanda, aksizli mallar istehsal edən müəssisələrin fəaliyyəti üzərində effektiv vergi nəzarətinin təmin olunması nəticəsində qeyri-neft-qaz sektorunda aksizlər üzrə artım 4,8 dəfə təşkil edir. Bütövlükdə götürsək, ƏDV, mənfəət vergisi, aksizlər üzrə daxilolmaların cəmi daxilolmalarda xüsusi çəkisinin artdığı müşahidə edilir.
Regionlardan da vergi daxilolmalarının artımı da sevindirici haldır. Bu, olduqca vacibdir, çünki bölgələrdə iqtisadi aktivliyin və sahibkarlıq subyektlərinin gəlirlərinin artması, bir tərəfdən, büdcə gəlirlərinin regional diversifikasiyasına müsbət təsir göstərir, digər tərəfdən, regionların özünümaliyyələşdirmə imkanlarının yaxşılaşdığına dəlalət edir. Cari ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə ərazi vergi orqanları üzrə daxilolmalar 12,6% artıb, bunun cəmi daxilolmada xüsusi çəkisi 9,5%-dən 10%-ə qalxıb. Təhlillər göstərir ki, mərkəzləşdirilmiş daxilolmalar nəzərə alınmadan, regionların öz potensialı üzrə daxilolmaları 22,7% artıb, ƏDV, mənfəət vergisi, gəlir, aksiz və torpaq vergiləri üzrə daxilolmalarda müsbət dinamika müşahidə edilir.
– Biznesin şəffaflaşmaya doğru getdiyini qeyd edirsiniz. Vergi daxilolmalarından başqa, şəffaflaşma göstəriciləri özünü daha nədə göstərir?
– Büdcə daxilolmaları, əslində, bütün inkişaf proseslərinin və islahatların bir nəticəsidir. Bu proseslər arasında şəffaflaşma xüsusi yerə malikdir. Bu ilin ötən dövründə ƏDV-yə cəlb olunan dövriyyələrdə, qeyri-neft-qaz sektorunun dövriyyələrində artım templərinin, habelə elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrin artım dinamikasının sürətlənməsi və bunun ümumi dövriyyədə xüsusi çəkisinin yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.
Şəffaflaşma indikatorlarından biri də ƏDV-yə cəlb olunan dövriyyələrin artırımıdır. Son bir ildə aktiv ƏDV ödəyicilərinin sayında 40%-dən çox artım qeydə alınıb. 2019-cu ilin 6 ayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, qeyri-neft-qaz sektorunda ƏDV-yə cəlb olunan dövriyyələrin həcminin 10,6% artdığını görərik. Ayrı-ayrı sektorlar üzrə götürsək, pərakəndə ticarətdə ƏDV dövriyyəsi 40%, topdansatış ticarətdə isə 25% artıb.
Bundan başqa, bir sıra fəaliyyət sahələrində: ticarət sektorunda dövriyyə 22,1%, o cümlədən pərakəndə ticarətin dövriyyəsi 35,2%, topdansatış ticarətin dövriyyəsi 13,4%, ictimai iaşənin dövriyyəsi 25,7% artım nümayiş etdirir. Bu prosesin ticarət sektorunda sürətlə getməsi xüsusilə vacibdir, çünki, fikrimizcə, böyük yayınmalar məhz bu sahədə özünü daha qabarıq göstərirdi. Pərakəndə ticarətdə obyektlərin sayının dövr ərzində 7,5%, iaşədə isə 4,8% artması fonunda dövriyyələrin yüksək artım templəri onu göstərir ki, sahibkarlıq subyektləri daha çox dövriyyəni rəsmiləşdirirlər.
Digər mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. Bilirsiniz ki, Vergilər Nazirliyi malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı e-qaimədən istifadə olunmasına nəzarəti gücləndirib. Bununla bağlı istehsal və ticarət sektorunda çalışan sahibkarlıq subyektləri ilə geniş maarifləndirmə işləri aparılıb və bu sahədə nazirliyin tələbləri onlara çatdırılıb. Bu tədbirlər artıq öz nəticəsini verməkdədir. Cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 54,3%-dən 61,3%-ə yüksəlib, həcmi isə 20,6% artıb. Müsbət meyillərdən biri istehsal və topdansatış üzrə toplam dövriyyənin 13,8%, o cümlədən e-qaimə ilə rəsmiləşən dövriyyənin 37,1% artmasıdır. Nəticədə istehsal və topdansatış üzrə e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 65,1%dən 78,4%ə yüksəlib. Topdansatış ticarətdə e-qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 42%, pərakəndə ticarətdə 50%, istehsalda isə 30% artıb. Bu gün əldə olunan göstəriciləri təhlil edərkən topdansatış ticarətdə e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin 65,3%-dən 81,7%-ə yüksəldiyini görürük. İstehsal sahəsində (qeyri-neft-qaz istehsalı) bu göstərici 64,7%-dən 73,4%-ə qalxıb. Digər fəaliyyət sahələrinin əksəriyyətində e-qaimə ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artdığı müşahidə olunur. Bundan başqa, iyunun 1-nə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artıb.
Bütün bu göstəricilər nəyi göstərir? Dövriyyənin artım tempinin ÜDM-in nominal artımını üstələməsi və e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəldiyini göstərir. Bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalması deməkdir. Eyni zamanda, ƏDV dövriyyəsinin artım tempinin əvəzləşdirilən dövriyyənin artım tempini üstələməsi, bank hesabından ƏDV depozit hesabına mədaxilin artması da onu deməyə əsas verir ki, bank sistemindən keçən dövriyyələrin həcmi həm əsas məbləğ, həm də ƏDV məbləği üzrə artıb ki, bu da “ağarma” əlamətlərindən hesab oluna bilər.
– Bu il gəlir vergisi üzrə güzəştlərlə bağlı vergi qanunvericiliyində mühüm bir dəyişiklik edildi. Məqsəd əmək münasibətlərinin şəffaflaşmasına nail olmaq idi. Bu gün ilkin nəticələrdən danışmaq mümkündürmü?
– “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəlmiş vergi islahatları sırasında iqtisadiyyatda əmək münasibətlərinin şəffaflaşması mühüm yer tutur. Cari ildən etibarən qeyri-neft sektorunun özəl bölməsi üzrə fiziki şəxslərin aylıq əməkhaqqının 8 min manatadək olan hissəsinin gəlir vergisindən 7 il müddətinə azad edilməsi mühüm fiskal nəticələr verməkdədir.Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsindən danışarkən iki mühüm aspektə diqqət yetirmək lazımdır. Bunlardan biri bağlanmış əmək müqavilələrinin sayı, digəri isə əməkhaqqı fondudur. Əmək bazarının və əmək münasibətlərinin başlıca göstəriciləri üzrə əldə olunmuş nəticələr deməyə əsas verir ki, bu sahədə şəffaflaşma prosesləri artan dinamika üzrə inkişaf edir. Güzəştin tətbiqi və beləliklə, şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində bu ilin 6 ayı ərzində qeyri-dövlət bölməsində 77 mindən çox yeni əmək müqaviləsi qeydə alınmışdır ki, bu da həmin dövr ərzində 101 mindən çox artmış əmək müqavilələrinin sayının dörddəüçünü təşkil edir. Ən son məlumata görə, cari ilin 7 ayının yekunu üzrə ölkədə cəmi əmək müqavilələrinin sayında ilin əvvəlindən 109 minə yaxın, o cümlədən qeyri-dövlət bölməsində 84 minə yaxın artım olub (ümumi say artımının 77,1%-i). Qeyri-dövlət bölməsi üzrə əmək müqavilələrinin sayı ticarət sektorunda 22,9 min (ümumi artımın 27,3%-i), xidmət sektorunda 16,3 min (ümumi artımın 19,5%-i), sənayedə 15,2 min (ümumi artımın 18,1%-i), tikintidə isə 10,8 min (ümumi artımın 12,9%-i) artıb. Beləliklə, bu artım daha çox əmək müqavilələrinin bağlanmaması hallarının geniş yayıldığı iqtisadi fəaliyyət sahələrdə müşahidə olunub. Göründüyü kimi, əmək müqavilələrinin ümumi say artımının əsas hissəsi gəlir vergisi üzrə güzəştlərin tətbiq olunduğu qeyri-dövlət bölməsi üzrə baş verib ki, bu da çox müsbət haldır.
Bütün bu proseslərin nəticəsində cari ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft-qeyri-dövlət sektorunda əməkhaqqı fondunun həcmi 22,8%, o cümlədən minimum əməkhaqqının artırılmasının təsirləri çıxılmaqla 21,4% artıb. Belə bir şəraitdə cəmi əməkhaqqı fondunun əhalinin pul gəlirlərinə nisbəti 2,5% bəndi yüksəlmişdir.
Beləliklə, əmək müqaviləsi olmayan işçilərin sayı azalmaqdadır ki, bu da muzdlu işçilərin cəmi məşğul əhalidə xüsusi çəkisinin artmasına, nəticədə işçilərin rəsmi əmək bazarında və pensiya sistemində iştirak səviyyəsinin yüksəlməsinə şərait yaradır. Muzdlu işçi sayının artması əməkhaqqı fondunun məbləğinin, onun ÜDM-də və əhalinin pul gəlirlərində xüsusi çəkisinin yüksəlməsinə əlverişli zəmin yaradır. Əməkhaqqı kartlarının sayında da adekvat artımlar əmək bazarında şəffaflaşma proseslərini təsdiq edir.
– O zaman demək olarmı ki, gəlir vergisi üzrə verilmiş güzəştlər nəticəsində büdcə itkiləri bərpa olunmağa başlayıb?
– Gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsi məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə daxilolmaların artım dinamikasında özünü göstərir. Gəlir vergisi üzrə büdcə itkiləri bərpa edilən əmək müqavilələri və sosial ödənişlərin artımı ilə kompensasiya olunur. Bu ödəmələr üzrə əlavə daxilolmalar sosial müdafiə sisteminin maliyyələşməsi mənbələrinin genişlənməsinə zəmin yaradır.
Əmək bazarının şəffaflaşmağa başlaması, nəticədə işçi sayının və əməkhaqqı fondunun yüksək artım dinamikasının müşahidə olunması şəraitində bu ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə sosial sığorta haqları üzrə daxilolmalar 16,3% artaraq 1,273 milyard manat təşkil edib, proqnoz 112,5% icra olunub. Qeyri-büdcə təşkilatları üzrə isə daxilolmalar 18% artıb, proqnoz 116% icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 47% artaraq 48 milyon manat təşkil edib, proqnoz 116% icra edilib. Qeyri-büdcə təşkilatları üzrə isə həmin daxilolmalar 60% artıb, proqnoz 121% icra edilib.
Beləliklə, gəlir vergisi üzrə güzəştlərin qüvvəyə minməsi ilə əmək münasibətlərinin şəffaflaşmağa başlaması sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmaların da yüksək artım dinamikasının formalaşmasına zəmin yaradır. Bu da, nəticə etibarilə, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasına və dövlət büdcəsinin bu sahə ilə bağlı maliyyə yükünün azalmasına imkan verir. Təsadüfi deyil ki, son illərdə ilk dəfə olaraq məhz bu il Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən edilən transfertlərin həcmi azaldılıb.
– Vergi yoxlamalarının sayının azaldıldığı bildirilir. Bu yanaşma nə qədər davam edəcək?
– Vergilər Nazirliyi vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə çalışır. Bizim məqsədimiz yoxlama aparmaq deyil, vergi ödəyicisini nəzarət tədbirlərinə məruz qoymadan öz ohdəliyini vaxtında və tam həcmdə yerinə yetirməsinə nail olmaqdır. Vergi orqanlarının işçi heyətinin sayı təxminən 2.300 nəfər təşkil edir, aktiv vergi ödəyicilərinin sayı isə 450 mini keçir. Belə olan halda, istəsəniz də bu sayda ödəyicini yoxlamaya cəlb edə bilməzsiniz. Bu baxımdan, vergi orqanları daha çox müasir rəqəmsal texnologiyalardan istifadə etməklə məsafədən nəzarət imkanlarını artırmağa çalışırlar. Bu, daha effektiv yoldur, eyni zamanda vergi ödəyicisinin birbaşa fəaliyyətinə müdaxilə etmədən həyata keçirilən üsuldur. Bu gün vergi yoxlaması yalnız fəaliyyətində əhəmiyyətli yayınmalara şübhə yaranan ödəyicilərdə təyin edilir.
Qeyd etmək lazımdır ki, vergi daxilolmalarında yüksək artım tempi vergi nəzarəti tədbirlərin sayının xeyli azalması şəraitində baş verir. Belə ki, cari ilin 6 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə səyyar vergi yoxlamalarının sayı 2,7 dəfə, 2017-ci ilin müvafiq dövrünə nisbətən isə 6 dəfə azalıb. Əvəzində isə qeyri-neft sektorunda könüllü şəkildə ödənilən vergilərin cəmi qeyri-neft vergi daxilolmalarında xüsusi çəkisi 92%-i ötüb. Bu göstəricinin əhəmiyyətli dərəcədə yüksəlməsi məhz vergi yoxlamalarının azalması şəraitində müşahidə olunub. Bütün bunlar şəffaflaşma üçün verilmiş vergi stimullarının tətbiqi, vergi ödəyiciləri ilə vergi orqanları arasında şəffaf münasibətlərin formalaşmağa başlaması, vergi ödəyicilərinə göstərilən xidmətlərin çeşidinin genişlənməsi və keyfiyyətinin artırılması, habelə vergi inzibatçılığı sahəsində davamlı olaraq köklü islahatların aparılması ilə bağlıdır.