Son günlər bəzi kiçik sahibkarların yaranmış vergi borclarına görə bank hesablarının və ya bank kartlarının tam şəkildə dondurulması barədə məlumat yayılır. Bildirilir ki, Vergilər Nazirliyi vergi borcları olan fiziki şəxslərin faktiki borcların məbləği göstərilməklə bank hesabları və ya kartlarındakı vəsaitlərin müvafiq hissəsinin dondurulması barədə banklara sərəncam göndərib. Banklar isə vergi borcları üzrə məbləğləri deyil, sahibkarın bank hesabındakı bütün vəsaitlərini dondurub ki, bu da narazılığa səbəb olur.
Vergilər Nazirliyinin “vergilər.az”a açıqlamasında qeyd olunur ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmçinin Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda edilmiş dəyişikliklərə əsasən, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 2019-cu il yanvarın 1-dən Vergilər Nazirliyinə həvalə edilib. Odur ki, vergi ödəyiciləri borclarını vaxtında ödəmədikdə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam göndərir.
Vergi Məcəlləsinə uyğun olaraq, borcların alınması haqqında sərəncam bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman borclar vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər borcların dövlət büdcəsinə alınmasını təsdiq edən sənəd əsasında alınmış həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.
Vergilər Nazirliyi bildirir ki, banklar və ya digər kredit təşkilatları vergi ödəyicilərinin bank hesablarında olan vəsaitinin yalnız icra sənədi olan sərəncamda göstərilən məbləğ
üzrə dondurulması və ya alınmasını təşkil etməklə, digər hissəsi üzrə onların
istəyinə uyğun olaraq müvafiq hərəkətlər etməyə borcludurlar
Xatırladaq ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır. Əvvəllər vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. 2019-cu ildən isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılır və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq təmin edilir. Nəticədə vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.