11 C
Baku
Wednesday, December 11, 2024

Vergilər Nazirliyinin idarə direktoru ilə – MÜSAHİBƏ

Vergilər Nazirliyinin İqtisadi təhlil Departamentinin Sosial sığorta ödənişlərinə nəzarət və təhlil idarəsinin direktoru Nigar Vahabzadənin müsahibəsi

— Nigar xanım, artıq bu ildən başlayaraq sosial sığorta haqları ilə bağlı yığımlar Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. Yığımlara nəzarət funksiyasının Vergilər Nazirliyi tərəfindən aparılması bu sahə üçün nəyi dəyişib?

— Cari ildən etibarən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilib. Məqsəd sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin qanunauyğun tənzimlənməsi, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün, vaxtında toplanılması və bu sahədə inzibatçılığın təkmilləşdirilməsidir. Artıq vergi ödəyicinə nəzarət bir orqan tərəfindən həyata keçirilir.

Cari ilin 1-ci rübü üzrə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalardakı artım bu sahədə aparılan dəyişikliklərin müsbət nümunəsidir. Dəyişiklik Vergilər Nazirliyinin fəaliyyətinin əsas hədəflərindən biri olan kölgə iqtisadiyyatının azaldılması məqsədinə xidmət göstərəcək. Həmçinin, Qanunla təsbit edilən dəyişikliklərə əsasən sosial sığorta ödənişlərindəki məbləğ dəyişməsə də, ödəyicilər arasında faiz nisbəti yeni bölgüdə müəyyənləşib. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində 200 manatadək olduqda məcburi dövlət sosial sığorta haqqı sığortaolunanın gəlirindən 3 faiz, sığortaedənin vəsaitindən 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaitindən isə 44 manat + 200 manatdan çox olan hissəsinin 15 faizi üzrə tutulur. Məsələn, əmək müqaviləsi ilə işləyən vətəndaş 650 manat əmək haqqı alırsa, o gəlir vergisi ödəmir. Vətəndaşın məcburi dövlət sosial sığortasına cəlb olunmayan gəlirləri olmadığı halda, 650 manatın 200 manat hissəsi üçün 3 faiz sosial sığorta haqqı əmək haqqından tutularaq ödənilir. Bu zaman müəssisə tərəfindən 22 faiz sosial sığorta haqqı ödəyir. Əmək haqqının qalan 450 manatı üçün vətəndaşın əmək haqqından tutularaq 10 faiz, müəssisə isə 15 faiz sosial sığorta haqqı ödəyir. Eyni zamanda, 650 manatın 0,5 faizi vətəndaşın əmək haqqından tutularaq işsizlikdən sığorta haqqı müəssisə tərəfindən ödənilir. Bu zaman müəssisə 650 manatın 0,5 faizi miqdarında işsizlikdən sığorta haqqı ödəyir.

— Cari ildən etibarən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçotunun aparılması vergi siyasətində bir yenilikdir. Bu barədə məlumat verərdiniz.

— Doğru qeyd edirsiniz ki, cari ildən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınması Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

Bununla bağlı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alındıqdan, yəni VÖEN verildikdən sonra, həmin məlumatlara əsasən sığortaedənlərə avtomatik sığortaedənin uçot nömrəsi (SUN) verilir.

Torpaq mülkiyyətçisi sığortaedən kimi qeydiyyata alınmaq məqsədilə müraciət edən zaman fiziki şəxsin uçota alınma meyarını “Torpaq mülkiyyətçisi” kimi qeyd etməlidir. Qeydiyyat zamanı torpaq mülkiyyətçisinin və onun ailə üzvlərinin, o cümlədən torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd haqqında məlumatlarını tam və dəqiq doldurmalıdır. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxs (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı üzrə ödəniş etməlidir.

— Artıq 2019-cu ilin 1-ci rübü yekunlaşıb. Sosial sığorta hesabatlarının yeni formaları istifadəyə verilib. Bilmək istərdik ki, hesabat formalarında nələr dəyişib?

— Vergilər Nazirliyi tərəfindən “Məcburi   dövlət sosial sığortası üzrə rüblük hesabat”ın və “İşsizlik sığortası üzrə rüblük  hesabat”ın yeni formaları, onların tərtib edilməsi qaydaları təsdiq edilib. 2019-cu il və sonrakı dövrlər üzrə həmin hesabatlarda bəzi dəyişikliklər olunub.

Hesabat təqdim edilən zaman vergi ödəyicisinin bir sıra məlumatları hesabatda əks etdirməsi vacibdir. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən hər bir sığortaolunanın muzdlu işdən sığorta haqqına cəlb edilən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı üzrə yeni bölgüdə tutulmalar göstərilməlidir.

“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün sığortaolunanın sığorta stajı bu Qanun qüvvəyə mindikdən sonra sığorta haqqı ödənilən müddətə görə hesablandığı üçün “İşsizlik sığortası üzrə rüblük hesabat”ın formasına rüb ərzində əmək haqqı və gəlir hesablanmış, eləcə də hesabına işsizlikdən sığorta haqqı ödənilmiş sığortaolunanlar (işçilər) barədə məlumatlar əlavə edilməlidir.

“Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ı və “İşsizlik sığortası üzrə rüblük hesabat”ı həm kağız, həm də elektron qaydada təqdim etmək mümkündür. Hesabatlarla bağlı məlumat əldə etmək üçün vergi ödəyiciləri Nazirliyin xidmət mərkəzlərinə və 195 çağrı Mərkəzinə müraciət edə bilərlər.

— Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatı vaxtında təqdim etməyən sahibkarları hansı cərimələr gözləyir?

— 2019-cu ilədək sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatı vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunurdu və  bu halda qanunda heç bir istisnaların nəzərdə tutulmadığı üçün hər hansı texniki və ya sair səbəbdən vaxtında hesabat verməyən sığortaedənə də böyük cərimələr tətbiq olunurdu ki, nəticədə sahibkara zərər dəyirdi.

Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.

Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

— 2018-ci ilin 4-cü rübün nəticələri üzrə hesabatlar təqdim edilərkən şəxsi hesab vərəqələrində qeydlərin aparılması ilə bağlı müəyyən çətinliklər yaranmışdı. Hazırda bu istiqamətdə işlər nə yerdədir?

— Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini qorumaq Vergilər Nazirliyinin fəaliyyətində ən başlıca prinsipdir və bu tip problemlərin gələcəkdə də yaranmaması üçün optimallaşdırma tədbirləri aparılmaqdadır. Vergi ödəyiciləri tərəfindən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə 2018-ci ilin 4-cü rübün hesabatları da Vergilər Nazirliyinə təqdim edilib. Lakin, həmin dövr üzrə hesabatların təqdim edilməsi zamanı vergi ödəyicilərinin sosial sığorta üzrə məlumatları Vergilər Nazirliyinin proqram təminatına inteqrasiya olunaraq uyğunlaşdırılması prosesi davam etdirilirdi. Bu səbəbdən şəxsi hesab vərəqələrində yaranmış texniki uyğunsuzluqlar Vergilər Nazirliyi tərəfindən aparılmış tədbirlər nəticəsində qısa zamanda aradan qaldırılıb. Bununla yanaşı, artıq vergi ödəyicilərinin həm vergi, həm də sosial üzrə ödənişləri, borc öhdəlikləri və digər məlumatlar şəxsi hesab vərəqələrində əks olunur.     

 

— Gələcəkdə hesabatların daha da təkmilləşdirilməsi və ya hansısa yeniliklər gözlənilirmi?

— Hal-hazırda məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə Vergilər Nazirliyi tərəfindən hesabat formalarının daha da optimallaşdırılması və gələcəkdə daha da təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər nəzərdə tutulub. Yaxın gələcəkdə hesabatların modifikasiya olunaraq vahid formada verilməsi və daha da sadələşdirilməsi istiqamətində işlər aparılır.

Son xəbərlər
Digər xəbərlər