Banker.az saytı ekspert Rəşad Əliyevlə Vergi Məcəlləsindəki dəyişiklikləri müzakirə edib. Dəyişikliklərdən sonra torpaq sahələrinin satışı zamanı nə qədər vergi ödənilməsini və yeni qaydaların torpaq bazarına gələcək təsirini araşdırmağa çalışmışıq.
- Bundan sonra torpaq sahələrinin satışı vergiyə necə cəlb olunacaq?
Vergi məcəlləsində edilmiş dəyişikliklərə əsasən 01 yanvar 2017-ci ildən etibarən torpaq sahələrinin satışı sadələşdirilmiş vergiyə cəlb ediləcək. Verginin həcmi, torpağın qanunvericiliklə müəyyən edilmiş təyinatından və yerləşməsindən asılı olacaq. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa bütün torpaq sahələrinin satışı zamanı vergi torpaq sahəsinin hər kvadrat metrinə görə ödəniləcək. Ölkə üzrə baza məbləği hər kvadrat metr üçün 50 qəpik müəyyənləşdirilib. Bu baza məbləğinə torpağı kateqoriyasından və yerləşməsindən asılı olaraq əmsallar tətbiq ediləcək.
- Bu məbləğ əvvəlkinə nisbətən çox təşkil edəcək?
Torpaq sahələrinin satışının əvvəlki, daha doğrusu yanvarın 1-nə kimi mövcud olacaq vergiqoyma sistemi həddən artıq ağırdı. Elə torpaq sahələri olurdu ki, onlar üzrə vergi məbləği torpağın satış qiymətinin az qala 15%-ə çatırdı. Bu bahalı torpaqlara aid idi. Bir qədər ucuz qiymətə olan torpaq sahələri üzrədə vəziyyət ürəkaçan deyildi. Düzdür elə torpaq sahələri var idi ki, onların satışı üzrə ümumiyyətlə vergi ödənilmirdi. Məsələn, baha alınıb ucuz satılan torpaq sahələrində mənfəət olmadığı üçün vergi ödənilmirdi. Bir sözlə deyim ki, çox narahat sistem idi. Yeni vergiqoyma sistemində isə yeni növ verginin torpağın satış qiymətinə nisbəti az olacaq. Bu interval aktiv və nisbətən aktiv zonalarda hardasa 0,1%-dən təxminən 4%-ə kimi təşkil edəcək. Məsələn Bakının mərkəzi üzrə nisbət 0,1-0,5%, Xırdalan şəhəri üzrə təqribən 0,3-1,4% və bu rəqəmlər müxtəlif olacaq. Ancaq bəzi hallarda 4%-dəndə çox olacaq və bunu qeyri aktiv zonalarda olan torpaqların satışı zamanı müşahidə edəcəyik. Ən maraqlısı odur ki, torpaq nə qədər aktiv zonada yerləşirsə vergi məbləği satış qiymətinə nisbətdə daha az olacaq.
- Bu sistem əvvəlkinə nisbətdə rahatdırmı?
Əlbəttə. Yeni vergiqoyma prinsipi sadə və rahat anlaşılandır. Digər tərəfdən əvvəlki sistemdə verginin hesablanması və ödənilməsi torpaq satan tərəfindən həyata keçirilirdi. İndi isə vergi əməliyyat rəsmiləşdirildiyi vaxt notarius tərəfindən hesablanacaq və satıcıdan tutulacaq. Yəni artıq satıcı notarius vasitəsilə aparılan əməliyyat üzrə verginin hesablanması və ödənilməsinə görə heç bir məsuliyyət daşımayacaq.
- Torpaq bazarına yeni dəyişikliklərin təsiri olacaqmı?
Təəssüflər olsun ki, daşınmaz əmlak bazarında vəziyyət o qədər pisdir ki, bu “isti külək” çətin hardasa dönüş yaratsın. Buna görədə biz təsiri az hiss edəcəyik. Ancaq bilinən odur ki, torpaq investisiya aləti kimi cəlbediciliyini dahada artırmış olur və gələcəkdə bunun bazara müsbət təsiri olacaq. Vergi sistemi sözsüz ki, bazara təsir edir, ancaq bu təsir həlledici deyil. Hazırda bazar başqa ab-havanın təsiri altındadır.
Sonda ekspert bizə aşağıdakı məlumatları təqdim etdi. Burada siz torpaq sahələrinin vergiyə necə cəlb ediləcəyinə baxa bilərsiniz.
Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələri olan torpaq sahələrinin satışı…
Bu növə aid torpaq sahələrinin satışı zamanı hər kvadrat metrə görə ödənişin ölkə üzrə baza məbləği 0,5 manat, yəni 50 qəpik müəyyən olunub. Torpaq sahəsinin yerləşməsindən asılı olaraq bu baza məbləğinə əmsallar tətbiq ediləcək. Bu əmsallar bizə tanışdı, çünki yaşayış evlərinin satışının vergiyə cəlb edilməsində həmin əmsallar artıq çoxdan tətbiq olunur.
Bakı üzrə şəhərin yerindən asılı olaraq 1,2 – 4 əmsalları ( buda yerləşmədən asılı olaraq hər kv.m. üçün 0,6-2 manat arasında təşkil edir) Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə – 1,5 əmsalı (0,75 manat yəni 75 qəpik), Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə – 1,2 əmsalı ( 0,6 manat , yəni 60 qəpik), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə isə – 0,5 əmsalı (0,25 manat, yəni 25 qəpik) tətbiq ediləcək. Məsələn, Xırdalan şəhərində olan torpaq sahəsinin (yuxarıda qeyd edilən kateqoriya) satışı zamanı hər kvadrat metrinə görə 0,75 qəpik (0,5 manat və ya 50 qəpik x 1,5 əmsalına) və ya sotuna 75 manat (100kv.m.x75 qəpik) təşkil edəcək.Bakı şəhəri üzrə 1-ci zona üzrə 4 əmsalı (son nəticədə hər kv.m. görə 2 manat təşkil edəcək), 2-ci zona – 3 əmsalı (hər kv.m. görə 1,5 manat), 3-4 zonalar – 2,2 əmsalı (hər kv.m. görə 1,1 manat), 5-6 zonalar – 1,8 əmsalı (hər kv.m. görə 0,9 manat), 7-8-9 zonalar – 1,5 əmsalı (hər kv.m. görə 0,75 manat), 10-11-12 zonalar – 1,2 əmsalı (hər kv.m. görə 0,6 qəpik) tətbiq olunacaq. Beləliklə Bakının ən bahalı yerində yaşayış təyinatlı torpaq satışının hər kvadrat metrinin vergisi 2 manat və ya sotuna görə 200 manat təşkil edəcək.
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqların satışı…
Bu növ torpaq sahələrinin satışı zamanı əlavə əmsallar tətbiq ediləcək. ( P.S.: əgər bu sizi çaşdırırsa, təsəvvür edin ki, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələri üzrə hesablanmış məbləğlərə (onların hesablanması qaydası yuxarıda göstərilib) əlavə əmsallar tətbiq etməklədə tapmaq olur)
Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə 1,5 əmsalı (bu da yerindən asılı olaraq hər kv.m. üçün 0,9 – 3 manat təşkil edəcək), Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində 1,3 əmsalı (hər kv.m. görə 0,975 manat), Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,2 əmsalı (hər kv.m. görə 0,72 manat), digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 1,1 əmsalı (hər kv.m. görə 0,275 manat) tətbiq ediləcək. Məsələn, Mingəçevirdə o cür torpaq sahələrinin satışı hər kv.m. üçün 0,72 manat və ya 72 qəpik (0,5 manat ölkə üzrə baza x 1,2 əmsalı yerləşməyə görə x 1,2 əmsalı torpağın növünə görə) təşkil edəcək. Bakının ən bahalı yerində isə bu növ torpaq sahəsinin hər kv.m. satışı 3 manat və ya 1 sot üçün 300 manat təşkil edəcək.
Bəs kənd təsərrüfatı təyinatlı olan torpaq sahələrinin satışı…
Kənd təsərrüfatı təyinatlı torpaqların satışı isə vergiyə tam fərqli yanaşma ilə cəlb ediləcək. Satış üzrə sadələşdirilmiş verginin məbləği həmin torpaq üzrə hesablanmış illik torpaq vergisinin 2 misli qədər olacaq.
Verginin ödənişi ilə bağlı güzəştlər …
Torpaq sahəsi hədiyyə, maddi yardım və miras kimi ailə üzvlərindən alındığı halda, ər və arvad arasında adi qaydada verildikdə və ya aralarında boşanma prosesində verildikdə vergiyə cəlb edilməyəcək. Eyni zamanda «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununa əsasən fiziki və hüquqi şəxslərə torpaq alınması şərtilə ödənilən kompensasiya vergiyə cəlb edilməyəcək.
Verginin ödənilməsi…
Verginin ödənişi qaydası evlərin və obyektlərin satışı zamanı vergi ödənişi ilə eyni olacaq. Verfi məbləği alqı-satqı zamanı notarius tərəfindən hesablanıb tutulacaq. Bu prosesə görə məsuliyyəti notariuslar daşıyacaq.