Ekspertlər Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşmə ehtimalını şərh ediblər
“Dünya ölkələrinin, təqribən 98 faizində gömrük komitəsi adında mərkəzi icra hakimiyyəti orqanı yoxdur. Yəni ayrıca bir qurum yoxdur. Gömrük xidməti mövcuddur və bu, müxtəlif qurumların tərkibindədir, əksər ölkələrdə Maliyyə Nazirliyinin bir departamenti kimi fəaliyyət göstərir. Bəzi ölkələrdə isə gömrük xidməti Vergilər Nazirliyinin tərkibindədir”.
Bunu keçmiş deputat, iqtisadçı-ekspert Nazim Bəydəmirli açıqlamasında deyib. Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşəcəyi ilə bağlı dolaşan xəbərləri şərh edən ekspert bildirib ki, Azərbaycanda gömrüyün büdcə ödəmələrinin əksəriyyəti əlavə dəyər vergisinin payına düşür.
“Çünki idxaldan əlavə dəyər vergisini, aksiz vergiləri Dövlət Gömrük Komitəsi toplayır. Bunlar, adından da göründüyü kimi, vergi növüdür. Vergi yığımını da ölkədə bir qurum – Vergilər Nazirliyi həyata keçirməlidir. Düşünürəm ki, Dövlət Gömrük Komitəsi ləğv olunmalı, yəni onun vergi yığma funksiyası Vergilər Nazirliyinə birləşdirilməlidir. Prosedur olaraq onun bəyannamə və digər xidmətləri də “ASAN Xidmət” səviyyəsinə çatdırılmalıdır” — N.Bəydəmirli bildirib.
Müsahibimiz onu da qeyd edib ki, təkcə Dövlət Gömrük Komitəsi deyil, Dövlət Sosial Müdafiə Fondu da vergi yığma funksiyası daşıyır: “Sosial sığorta haqqı bir vergi növünə dönüb. Sual olunur ki, özü-özünü maliyyələşdirə bilməyən bir qurumun saxlanılmasına nə ehtiyac var? Gürcüstan modelinə keçib, sosial sığorta haqqını gəlir vergisi ilə birləşdirmək və onun dərəcəsini aşağı salmaq lazımdır. Sosial vergi yığımını Vergilər Nazirliyi həyata keçirməlidir”.
İqtisadçı-ekspert Qalib Toğrul da Sputnik-ə açıqlamasında deyib ki, sözügedən qurumların birləşdirilməsini effektli hesab edir: “Təşkilati baxımdan müxtəlif formalar var və prinsipcə, bu, gömrük orqanlarının fəaliyyətinə təsir etmir. Ancaq Dövlət Gömrük Komitəsinin Vergilər Nazirliyi ilə birləşməsini idarəetmə baxımından islahat hesab etmək olar. Bu zaman vəsaitə qənaət etmək mümkündür. Yəni idarəetmə ilə bağlı dövlətin xərclərini azaltmaq olar”.
Q.Toğrul da bu məsələdə Gürcüstan modelindən istifadə etməyi tövsiyə edir: “Hesab edirəm ki, bu qurumlar bir yerdə olsalar, yaxşıdır. Məsələn, Gürcüstanda gömrük və vergi bir yerdədir və bu, Gəlirlər Xidməti adlanır. Biz də Gürcüstandakı təcrübəni tətbiq etsək, dövlət büdcəsindən idarəetmə xərclərinə ayrılmış vəsaitlərə qənaət etmiş olarıq. Burada məqsəd dövlət büdcəsinin gəlirlər hissəsinin təmin olunmasıdır”.
Ekspertin fikrincə, bir mərkəzdən idarə olunma həmin qurumlar arasında ziddiyyətlərin də ortaya çıxması ehtimalını azaldar: “Məsələn, əksər məhsullar ölkəyə idxal olunanda əlavə dəyər vergisinə cəlb edilir. Bu məhsullar ölkəyə daxil olanda əlavə dəyər vergisini gömrük orqanları alır. Daha sonra onun əvəzləşdirilməsi prosesi artıq vergi orqanlarının xətti ilə həyata keçirilir. Bu məhsullar topdansatış müəssisələrindən pərakəndə satış müəssisələrinə satılarkən əlavə dəyər vergisinin əvəzləşdirilməsi gedir. Bu da iki qurum arasında müəyyən ziddiyyətlərin ortaya çıxmasına səbəb olurdu”.
“Ona görə də doğru variant bunların birləşdirilərək vahid bir qurumun yaradılmasıdır. Bu, həm idarəetmə xərclərini azaldar, həm də müəyyən ziddiyyətlərin aradan qalxmasına səbəb olar. Yəni idarəetmənin təkmilləşdirilməsinə, səmərəli həyata keçirilməsinə səbəb olar” — həmsöhbətimiz vurğulayıb.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 2017-ci ilin yekunlarına həsr edilmiş mətbuat konfransında, rəhbərlik etdiyi qurumla Vergilər Nazirliyinin birləşməsi ilə bağlı suala belə cavab verib: “Gömrük orqanlarının fəaliyyəti ilə bağlı qərarı ölkə rəhbərliyi qəbul etməlidir. Əgər ölkə rəhbərliyi müvafiq qərar qəbul etsə, o qərar icra olunacaq”.
DGK sədri qeyd edib ki, dünyada gömrük orqanlarının fəaliyyəti ilə bağlı müxtəlif təcrübələr var: “Azərbaycanda bu orqan müstəqil fəaliyyət göstərir, ABŞ-da isə sərhəd xidmətinin tərkibindədir. Bəzi ölkələrdə gömrük orqanları ilə vergi orqanları birləşib, Avropada isə maliyyə nazirlikləri yanında fəaliyyət göstərir. Hətta elə ölkələr var ki — əvvəl Rusiyada belə idi, indi Afrika ölkələri bu təcrübəni tətbiq edir — orada gömrük orqanları iqtisadiyyat nazirliyinə tabedir. İstənilən halda bu məsələni səmərəliliyi nəzərə alaraq hökumət həll etməlidir”.