Gəlirlərin, xərclərin və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin başlıca vəzifələrindən biridir. İqtisadçı ekspert Radil Fətullayev bildirib ki, hüquqi və fiziki şəxslərin gəlir və xərclərinin uçotu Mühasibat uçotu haqqında qanuna və digər normativ-hüquqi aktlara, vergitutma məqsədləri üçün gəlir və xərclərin uçotu isə Vergi Məcəlləsinə əsasən aparılmalıdır.
Vergi ödəyicisi müəssisənin fəaliyyəti ilə bağlı bütün əməliyyatların, o cümlədən vergi tutulan gəlirlərin (mənfəətin) və xərclərin sənədləşdirilməsini və uçotunu vaxtlı-vaxtında dəqiq aparmalıdır. Vergi ödəyicisi gəlirlərin və xərclərin əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərini müəyyən etmək üçün tətbiq edilən aşağıdakı uçot metodlarından birini seçməyə borcludur:
• kassa metodu;
• hesablama metodu.
Kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə etmə tarixində (gəlir onun sərəncamına veriləndə) nəzərə almalı (tanımalı), xərcləri isə yalnız çəkildiyi (ödənildiyi) tarixdə tanımalıdır (çıxmalıdır). Gəlir və xərci tanımaq dedikdə, onları gəlir (mənfəət) bəyannaməsində göstərmək kimi başa düşülməlidir.
Vergi Məcəlləsinə əsasən, kassa metodundan istifadə olunarkən, gəlirin əldə edilməsi vaxtı dedikdə, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına daxil olduğu vaxt başa düşülür. Kassa metodundan istifadə olunarkən xərcin çəkilməsi vaxtı dedikdə isə həmin xərcin faktiki çəkildiyi vaxt sayılır. Yəni nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt başa düşülməlidir.
Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq, gəliri almaq hüququnun əldə edildiyi, xərci isə çəkilməsi barədə öhdəliyin yarandığı vaxt tanımalıdır.
Hesablama metodunun tətbiqi zaman gəlirin əldə edilməsi vaxti dedikdə, vergi ödəyicisinin əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirdiyi vaxtı başa düşülür ki, ödəyici məhz həmin vaxt gəliri almaq hüququ əldə etmiş sayılır.
Hesablama metodundan istifadə edilərkən xərcin çəkilməsi vaxtı dedikdə, müqavilə və əqdə uyğun iş və xidmətin qəbul edildiyi (təhvil qəbul aktı ilə başa çatdığı vaxtda) tarix başa düşülməlidir.
Əgər vergi ödəyicisi istifadə etdiyi uçot metodunda hər hansı dəyişiklik edərsə (məsələn, kassa metodundan hesablamaya və ya əksinə keçərsə), bu zaman uçot metodunun dəyişdirildiyi ildə verginin məbləğinə təsir göstərən mühasibat əməliyyatlarına düzəlişlər verilməlidir. Uçot metodunun dəyişməsi ilə əlaqədar verilən düzəlişlər zamanı əməliyyatların heç biri nəzərdən qaçırılmamalı və çalışmaq lazimdir ki, eyni gəlir və ya xərc iki dəfə hesaba alınmasın.