Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkətinə Baş İcraçı Direktor vəzifəsinə Qabil Əhmədov təyin edilib.
Qabil Əhmədov karyerasına 1999-cu ildə FMCG (alıcılıq qabiliyyəti yüksək olan ərzaqlar) sektorunun satış sahəsində başlayıb. Rəhbər vəzifələrdə fəaliyyətə 2001-ci ildən etibarən “Colgate-Palmolive” şirkətinin Azərbaycan üzrə satış meneceri olaraq başlayıb və sonrakı illərdə şirkətin Azərbaycan və Gürcüstan üzrə satış meneceri olaraq fəaliyyətini davam etdirib. 2004-2005-ci illərdə “Hunca Kozmetik” şirkətinin ərazi ixrac meneceri olaraq çalışıb, 2005-2007-ci illərdə “Colgate-Palmolive” şirkətinin Tacikistan, Türkmənistan və Monqolustan üzrə ölkə meneceri vəzifəsinə təyin edilib. Qabil Əhmədov 2007-2011-ci illərdə “Henkel Mərkəzi və Şərqi Avropa” şirkətinin Qafqaz nümayəndəliyinin Azərbaycan üzrə regional satış və marketinq meneceri vəzifələrində çalışıb. O, 2011-2018-ci illər ərzində “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə Azərbaycan nümayəndəliyinin ölkə meneceri, Özbəkistan üzrə ölkə meneceri, “Coca-Cola Uzbekistan Bottlers” şirkətində Baş direktorun müavini kimi müxtəlif rəhbər funksiyalarda fəaliyyət göstərib. 2019-2022-ci illərdə “Mars Overseas (Pepsi Bottlers Azerbaijan)” və “AzFPCo (“Milla” süd markası)” şirkətlərində Baş İcraçı Direktor vəzifələrində çalışıb.
Qabil Əhmədov bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat” ixtisası üzrə alıb. Harvard Biznes Məktəbinin “LEAP 2.0, Leadership Excellence Accelerates Performance” liderlik proqramı, “Coca-Cola” şirkətinin Hindistanda təşkil etdiyi “Pegasus Program, Leaders of the Future” sertifikatlarına malikdir.