Norveç kapitallı BOKT “Viator Mikrokredit Azərbaycan” MMC keçən ili xalis mənfəətlə böyüsə də, ölkənin böyüyən mikrokredit bazarında aktivləri kiçilib.
Banker.az şirkətin audit hesabatına istinadən xəbər verir ki, 2024-cü ili 763.3 min manat xalis mənfəətlə başa vurub. Halbuki, 2023-cü ildə cəmiyyətin xalis mənfəəti 593.6 min manat təşkil etmişdi. Bu göstərici əvvəlki illə müqayisədə 29% artım deməkdir.
BOKT-nin faiz gəlirləri 2024-cü ildə 1 mln. 872.5 min manata çataraq 2023-cü illə müqayisədə 67.4 min manat və ya 3.7% artım göstərib. Eyni zamanda faiz xərcləri 386.6 min manat olub ki, bu da ötən ilə nisbətən 102.6 min manat və ya 36% çoxdur.
Digər gəlir və aktivlərin dəyərsizləşməsi üzrə ehtiyatların azaldılması səbəbi ilə xalis faiz gəliri və digər əməliyyat gəlirlərinin cəmi 2 mln. 621.1 min manata yüksəlib. Bu da 2023-cü ildəki 2 mln. 406.2 min manatla müqayisədə 8.9% artımdır.
İnzibati və digər əməliyyat xərcləri isə sabit qalaraq 1 mln. 795.2 min manat təşkil edib. Xarici valyuta mübadiləsindən yaranan xalis zərər 0.15 min manatla məhdudlaşıb.
BALANS
2024-cü ilin sonuna “Viator Azərbaycan”nın aktivləri 8 mln. 311.1 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 464.7 min manat və ya 5.3% azalmadır. 2023-cü ildə bu göstərici 8 mln. 775.7 min manat idi.
Əsas azalma pul vəsaitləri və onların ekvivalentləri üzrə baş verib. 2023-cü ildə 311.1 min manat olan bu göstərici 2024-cü ildə 126.7 min manata düşüb (59.3% azalma). Müştərilərə verilmiş kreditlərin həcmi də 337.0 min manat azalaraq 7 mln. 775.4 min manata enib.
Mərkəzi Bankdan təqdim edilən məlumata görə, Azərbaycanın BOKT-ləri keçən il kredit portfellərini 632.5 milyon manatdan 808.3 milyon manata qədər böyüdüblər.
Eyni zamanda, 2023-cü ildə 3 mln. 673.5 min manat olan cəmi öhdəliklər, 2024-cü ilin sonunda 2 mln. 445.5 min manata enib. Bu, 1 mln. 228.0 min manat və ya 33% azalma deməkdir.
2023-cü ildə 5 mln. 102.2 min manat olan kapital, 2024-cü ilin sonunda 5 mln. 865.5 min manata yüksəlib (15% artım).
Xatırladaq ki, “Viator Mikrokredit Azərbaycan” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 694 min manatdır. BOKT-un təsisçisi Norveçin “Viator AS” missioner təşkilatıdır.