7 C
Baku
Sunday, December 15, 2024

Vidadi Muradovun 19 milyon manatlıq əmlakının dövlətə ödənilməsi xahiş edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib.

Prokuror çıxışında təqsirləndirilən şəxsin barəsində irəli sürülən ittihamların sübut və dəlillərlə, həmçinin aparılan ekspertizalarla təsdiq edildiyini deyib. O, V.Muradova verilmiş maddələrlə onun təqsirli bilinməsini təklif edib.

Dövlət ittihamçısı söyləyib ki, V.Muradov məhkəmə istintaqı dövründə vəfat etdiyi üçün ona cəza təyin edilməməlidir.

Qeyd olunub ki, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətindən verilmiş 640 min 922 manat məbləğində mülki iddianın ödənilməsi təmin edilməlidir.

Prokuror bildirib ki, mərhum V.Muradovun Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 14 saylı evin 5 nömrəli mənzilin üzərinə qoyulmuş həbs götürülməlidir. Üzərinə həbs qoyulan və müsadirə edilən digər əmlaklar isə dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.

Prosesdə zərərçəkmiş qismində tanınan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi cinayət əməli nəticəsində təqsirləndirilən şəxs tərəfindən vurulan 640 min 922 manat məbləğində maddi ziyanının dövlət büdcəsinə ödənilməsinə, həmçinin Binəqədi Rayon Məhkəməsinin qərarları ilə 19 milyon 144 min 554 manat məbləğində əmlaklar və 11 milyon 442 min 490 manat məbləğində olan səhm paylarının aktivlərinin satışından əldə olunann gəlirlər vergi orqanlarına ödənilməsini xahiş edib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Növbəti proses yanvarın 18-nə təyin olunub.

Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.

Rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaq tədbirləri ilə V.Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, V.Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

Habelə V.Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1 milyon 360 min manat təşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (və ya 10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (və ya 3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi 2 milyon 84 min manat məbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.

9 yanvar 2021-ci il tarixdə V.Muradova CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Son xəbərlər
Digər xəbərlər