Rəsmi Budapeşt Rusiya əleyhinə tətbiq edilən sanksiyalara görə Avropa İttifaqını tənqid etməkdə davam edir.
Macarıstanın Baş naziri Viktor Orbanın fikrincə, Rusiyaya yaxın olan ölkələrin məruz qaldığı iqtisadi itkilərə görə məsuliyyət Brüsselin üzərinə düşür. Belə ölkələrdən biri də Macarıstandır.
Hökumət başçısının sözlərinə görə, tətbiq edilən sanksiyalar vətəndaşların rifahına çox güclü təsir göstərir. V.Orban öz çıxışında bildirib ki, bu qadağalar ciddi zərbə vurur, ölkə iqtisadiyyatı üçün olduqca ağırdır, xəzinə xeyli pul itirir, son illərdə əldə olunan nailiyyətlərin böyük hissəsi yox olmaq təhlükəsi altındadır.
Viktor Orban gileylənib ki, Avropa İttifaqı tərəfindən Rusiya Federasiyasına qarşı görülən tədbirlər Macarıstanı “iqtisadi girdaba” itələyir və böhranı gərginləşdirir. Onun sözlərinə görə, sanksiyalar Rusiyaya deyil, ilk növbədə, Avropanın özünə zərbə vurub.