İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayətini geri götürüb.
Bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilməli idi. Ancaq təqsirləndirilən şəxs Vilyam Hacıyevin kassasiya şikayətini geri götürdüyü məlum olub.
Qeyd edək ki, Bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvədə saxlayıb.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.