“Virgin Galactic” şirkəti kosmosa ilk turist uçuşu həyata keçirib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilir ki, “Galactic 02” missiyası avqustun 10-da Nyu-Meksikoda “Spaceport America” limanından havaya qalxıb.
Missiya çərçivəsində pilot rolunda Si Cey Starkou (C.J. Sturckow) və Kelli Latimer (Kelly Latimer) olub. “Galactic 02” missiyasında iştirak edən şəxslərə gəlincə, bunlar 80 yaşı olan keçmiş olimpiyaçı Con Qudvin, həmçinin Karib dənizi ölkəsi Antiquanı təmsil edən ana və qızı Keyşa Şaxaf və Anastasiya Mayersdir.
Hazırda şirkət dövriyyəni artırmaq üçün kosmik gəmilər parkının genişləndirilməsi üzərində işləyərkən ayda bir dəfə “VSS Unity”ni işə salmağı hədəfləyir. Mövcud məlumatlara görə, 800-ə yaxın insan artıq suborbital uçuşlarda yer bron edib, onların bir çoxu on il bundan əvvəl 200 000-250 000 dollar ödəyib. İki il əvvəl şirkət oturacaq başına 450 000 dollardan başlayan qiymətlərlə bilet satışını açıb.