Yeni Zelandiya proqramçısı Nik Qirritsen dünyada ilk virtual qadın siyasətçi yaradıb. “SAM” adlı kompüter proqramı (bot) seçicilərlə “Facebook Messenger” əlavəsində ünsiyyət qurur.
“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, “SAM” ünsiyyət zamanı öz üstünlükləri barədə söz açaraq digər siyasətçilərdən nə ilə fərqlənməsini izah edir. Üstünlük kimi seçicilərin bütün xahişlərinin heç vaxt unudulmaması və virtual yaddaşda saxlanılması qeyd edilir.
Bundan başqa, bot hər bir insanın fikrini nəzərə alır, qarşıya qoyulan vəzifələrin həlli isə şəxsi maraq olmadan və qərəzsiz həyata keçirilir. Proqram yaradıcılarının sözlərinə görə, “SAM” botu 2020-ci ildə Yeni Zelandiyada keçirilməsi nəzərdə tutulan ümumi seçkilərdə iştirak edəcək.
Proqramçı onu da bildirib ki, proqram süni intellekt texnologiyalarından istifadə edilməklə yazılıb. “SAM” yeni biliklərə uğurla yiyələnir, sual-cavabları yadda saxlayır, eləcə də həmsöhbətlər tərəfindən yazılan sözlərin təhlilini aparır.