“Visa” ödəniş sistemi 150 min dollara “CryptoPunk 7610” NFT tokenini aldığını açıqlayıb.
Banker.az bu barədə “RBK”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, şirkət ABŞ-da ilk federal səviyyəli kriptovalyuta bankı olan “Anchorage” xidmətlərindən istifadə edib.
“CryptoPunks” NFT kolleksiyası 2017-ci ildə “Lava Labs” tərəfindən təqdim edilib. O özündə 10 min şəkil birləşdirir. “Visa”nın kriptovalyuta biznesinin rəhbəri Kay Şeffild “The Block”a verdiyi müsahibədə “CryptoPunks”ı texnologiyanın qabaqcılları və NFT -nin kommersiya istifadəsi dalğası adlandırıb.
Xatırladaq ki, mart ayında “Visa” kriptovalyutada əməliyyatlar aparmağa başlayan ilk ödəniş sistemi olub. Şirkət “Ethereum” blokçeynindən istifadə edərək “USDC” steyblkoinini köçürüb.
Eyni zamanda 2021-ci ilin əvvəlində ödəniş nəhəngi banklara inteqrasiya olunacaq kriptovalyutaların alınması sistemi buraxdığını açıqlayıb. Xidmətin təqdimatı ilin sonuna planlaşdırılır. Verilən məlumata görə, bitkoin və digər kriptovalyutalar müştərilərin maraqlarına uyğun olaraq “Anchorage” depozitarında saxlanılacaq.