“Visa” Çinin daxili ödəniş bazarına giriş üçün ilkin icazə alıb

ABŞ ödəniş texnologiyaları şirkəti “Visa” Çin Xalq Bankından ölkədə bank kartları üzrə klirinq qurumu yaratmaq üçün hazırlıqlara başlamaq icazəsi alıb. Şirkətin oktyabrın 13-də açıqladığı qərar dünyanın ən böyük ödəniş bazarlarından birində daxili əməliyyatlara başlamaq istiqamətində ilk mərhələdir.

Banker.az “Reuters”ə istinadən xəbər verir ki, “Visa” hazırlıq işlərini bir il ərzində tamamlamalıdır. Bundan sonra şirkət fəaliyyətə başlamaq üçün müraciət edə biləcək. Müraciət Çin Xalq Bankı və ölkənin maliyyə tənzimləyicisi tərəfindən təsdiqlənərsə, bank kartları üzrə klirinq lisenziyası veriləcək.

Klirinq xidməti kartla ödənişlər zamanı banklar arasında hesablaşmaların təşkilini nəzərdə tutur. Hazırkı qərar hazırlıq mərhələsini əhatə edir; “Visa”nın Çində daxili əməliyyatlara başlaması üçün lisenziyalaşdırma prosesinin tamamlanması tələb olunur. Şirkət fəaliyyətə başlayacağı tarixi açıqlamayıb.

“Visa”nın baş icraçı direktoru Rayan Makinerney icazəni şirkətin Çin bazarı ilə bağlı uzunmüddətli planlarında əhəmiyyətli irəliləyiş adlandırıb. O bildirib ki, şirkət 40 ildən artıqdır Çinin ödəniş sektorunda iştirak edir və yerli fəaliyyətə başlamaq üçün tənzimləyicinin tələblərinə uyğun növbəti addımları atacaq.

Çinin kart ödənişləri bazarında dövlətin nəzarətində olan “China UnionPay” üstün mövqeyə malikdir. ABŞ ödəniş şirkətləri “Mastercard” və “American Express” isə artıq yerli tərəfdaşlarla birgə müəssisələr vasitəsilə ölkədə daxili klirinq xidmətləri göstərirlər.

ABŞ maliyyə nəşri “The Wall Street Journal”ın rəsmi məlumatlara istinadən yazdığına görə, 2026-cı ilin ikinci rübünün sonuna Çində buraxılmış bank kartlarının ümumi sayı 10,27 milyard olub. “Visa”nın bu bazarda fəaliyyətə başlaması əlavə tənzimləyici təsdiqlərdən asılı olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər