VISA beynəlxalq plastik kartı bu gün çox məşhurdur. Onun köməyilə pul vəsaitlərini nağdlaşdırmaq, restoranlarda ödənişlər etmək, kommunal ödənişlər etmək, adi və onlayn mağazalarda müxtəlif məhsul və xidmətləri ödəmək olar. Onlayn alış-veriş üçün tam nömrə, kart sahibinin ad və soyadı, istifadənin bitmə müddəti və xüsusi təhlükəsizlik kodu tələb olunur.
Kartın nömrəsinə nə daxildir?
VISA kredit kartının nömrəsi ödənişin əsas komponentlərindən biridir. Məhz onun köməyilə PayPal və ya digər ödəniş sistemlərindən istifadə etməklə bank köçürmələri zamanı kartın identifikasiyası, stasionar satış məntəqələrində, internetdə alış-veriş zamanı ödəmələr baş verir.
Nömrə 16 rəqəmdən formalaşır, asanlıqla oxunması üçün kartın üzərində 4 rəqəmli qruplarla əks olunur. İlk nömrə karta hansı ödəniş sisteminin xidmət göstərdiyini bildirir. Bütün VISA kartları “4” rəqəmi ilə başlayır.
Növbəti beş rəqəm kartın buraxıldığı və müştəriyə verildiyi banka uyğun olur. Ümumilikdə ilk 6 rəqəm bankın identifikasiya nömrəsini (BIN) yaradır.
Növbəti 10 rəqəm mürəkkəb riyazi alqoritm vasitəsilə formalaşır. Alqoritmdə kriptoqrafik üsullardan istifadə olunur, bunun sayəsində kartın nömrəsini təsadüfən düzgün tərtib etmək, demək olar ki, mümkün deyil. Bəzi hallarda eyni bankın kartlarında 7-8 rəqəm bir neçə dəfə təkrarlana bilər: bu, onların müəyyən bank məhsullarına aid olduqlarını bildirir. Son rəqəm hər zaman gizli formul vasitəsilə digələri ilə aparılmış hesablamaların nəticəsidir.
Nömrə vasitəsilə nə etmək olar?
Banklar və ödəniş sistemləri tərəfindən görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, kart nömrələrini müvəffəqiyyətlə yarada biləcək qanunsuz proqramlar meydana gəlir. Məhz buna görə cinayətkarlarla mübarizə məqsədilə PIN-kod, kartın istifadə müddətinin bitmə tarixi, sahibinin adı, əlavə müdafiə kodu kimi əlavə məlumatlar daxil edilir. Beləliklə, nömrə vacib, lakin yeganə təhlükəsizlik atributu deyildir.
Nömrənin yalnız özü cinayətkar üçün yararsızdır. Eyni zamanda, kartın üzərində ödəniş etmək üçün lazım olan bütün məlumatlar əks olunub. Bu kart sahibləri, xüsusilə kartlarında çox pul (özünün və ya kredit) olanlar üçün böyük itkilərə səbəb ola bilər. Buna görə də, PIN-kodun gizli saxlanması faktı hələ ödəniş alətinin tam qorunmasına təminat vermir. Bu o deməkdir ki, kartı ödəniş zamanı kassirdən başqa, heç kimə vermək lazım deyil.
Eyni zamanda, nömrə ilə kart sahibini müəyyən etmək və ya onun yerini öyrənmək mümkün deyil. Cinayətkar onun vasitəsilə yalnız ödəniş sistemi, kartı buraxan ölkə və bankı müəyyən edə bilər.
Təhlükəsizlik kodu nədir?
VISA kartındakı təhlükəsizlik kodu kartın arxa tərəfində maqnit xəttinin altında yerləşir.
VISA ödəniş sistemində bu kod CVV2 adını daşıyır, üç və ya dörd rəqəmdən ibarət ola bilər. O, ilk növbədə, internetdə birdəfəlik alış-verişlərin ödənilməsi üçün nəzərdə tutulub. PCI DSS standartlarına əsasən, ödəməni qəbul edən kontragent əməliyyat başa çatdıqdan sonra, bu nömrəni özündə saxlamamağa borcludur. Lakin bəzi hallarda satıcılar bunu unudur, bəziləri isə qəsdən saxtakarlıq etmək məqsədilə kodları yadda saxlayırlar.
Bəzi insanlar düşünür ki, kod nömrənin son üç rəqəmidir, lakin bu belə deyil. Kod ayrı bir təhlükəsizlik vasitəsidir və kartın nömrəsi və ya digər atributlarından asılı deyildir. O, əməliyyatda iştirak edən şəxsin həqiqətən kart sahibi olduğunu təsdiq etməyə xidmət edir.
Koddan necə istifadə etmək lazımdır?
Hazırda ödəmələri qəbul edərkən satıcıları CVV2 tətbiq etməyə məcbur edəcək heç bir standart yoxdur. Lakin bəzi kartlar köçürməni təhlükəsizlik kodu olmadan göndərməyə imkan vermir və buna görə də bir çox hallarda onun tətbiqi məcburidir.
Satıcının yadda saxlamaması üçün, koddan birdəfəlik əməliyyat üçün istifadə etmək tövsiyə olunur. Həmçinin kodu tələb etməyən prepaid (öncədən ödənilmiş) kartlarından istifadə etmək olar. Lakin kod daxil edilməsə belə, yenə də təhlükəsizlik riski var. Kod səhv daxil edildikdə isə, ödəniş göndərilmir.