“Visa” ödəniş sistemi müştərilərinə kriptovalyutalar üzrə konsultasiya xidmətini göstərməyə başlayıb. Hesabatda deyilir ki, şirkət maliyyə institutlarına, pərakəndə satıcılara və digər firmalara NFT üzrə məsləhətləşmələr təklif edir.
Banker.az xəbər verir ki, “Visa” konsaltinq xidmətlərindən istifadə edən “UMB” Amerika bankını müştəri kimi qeyd edib. Bildirilir ki, 2020-ci il oktyabrın 1-dən 2021-ci ilin 30 sentyabrına qədər şirkət 3.5 milyard dollardan çox kriptovalyuta əməliyyatı həyata keçirib. Bu barədə “Visa”nın kriptovalyuta biznesinin Avropadakı rəhbəri Nikola Plekas məlumat verib.
“Kriptovalyutalar bizim üçün yeni mövzu, eyni zamanda inkişaf fürsətidir. Və biz bu biznesin genişləndirilməsinə diqqət yetirməyə davam edəcəyik”, – deyə Plekas söyləyib.
Şirkət həmçinin kriptovalyuta konsaltinqinin bitkoin və digər rəqəmsal valyutaların daha da mənimsənilməsinə kömək edəcəyinə ümid edir. “Visa” bunu “kart ödənişlərindən kənara çıxan” əsas artım fürsəti kimi görür.
2021-ci ilin martında “Visa” kriptovalyuta ilə əməliyyatlar aparmağa başlayan aparıcı ödəniş sistemlərindən birinci olub.