Bu yaxınlarda “Visa Token Service”in tətbiqindən sonra “Visa” ilə Azərbaycan Mərkəzi Bankı (AMB) “Visa ilə mobil app üzərindən ödəyin” kampaniyasına başladılar. İki aylıq müddətinə nəzərdə tutulan kampaniya alıcılar arasında mobil təmassız ödəmələrin yayılmasını, tokenli transaksiyaların sayını artırmağı hədəfləyir.
“Visa” xəbər verir ki, kampaniyada iştirak etmək üçün “Visa” kartı sahibi bir ay ərzində kartının məxsus olduğu bankın mobil proqramı vasitəsilə ən azı 10 dəfə 5 manatlıq transaksiya həyata keçirməlidir. Bu şərti yerinə yetirən “Visa” kartı sahiblərinin hesablarına 25 manat qaytarılacaq. Kampaniyanın birinci ayı 10 iyun – 10 iyul, ikinci ayı da 11 iyul – 10 avqust tarixlərini əhatə edir. Bu kampaniyada Azərbaycan Beynəlxalq Bankı (ABB), Kapital Bank, Bank Respublika tərəfindən buraxılan mobil proqramlar vasitəsilə ödəniş edən bütün “Visa” kartı sahibləri iştirak edə bilər.
“Ödəniş sisteminə qoşulan cihazların, xüsusilə smartfonların sayının artması istehlakçı təcrübəsinə böyük dəyişikliklər gətirir. Bizim vəzifəmiz mobil ödənişlərin Azərbaycanda daha geniş tətbiqi üçün MBA-nın və tərəfdaş bankların səylərini dəstəkləməkdir. “Visa Token Service”ə əsasən banklar öz müştərilərinə mobil telefon vasitəsilə daha rahat və təhlükəsiz ödəniş üsulunu təklif edə bilər. Fikrimizcə, bu kampaniya mobil ödənişlərin üstünlüklərini alıcılara əyani şəkildə göstərmək, onları alış-veriş zamanı mobil telefon vasitəsilə təmassız ödənişlərə alışdırmaq üçün gözəl fürsətdir”, – “Visa” şirkətinin Qafqaz ölkələrindəki regional meneceri Kristin Doroş bildirib.
Xatırladaq ki, ABB, Kapital Bank, Bank Respublika ilə tərəfdaşlıq əsasında Azərbaycanda 2019-2020-ci illərdə tətbiq edilən “Visa Token Service” onlayn və mobil alış-verişlərdə istifadə olunan qabaqcıl texnologiyadır. Həmin texnologiyanın təməlində ödəmə kartının məxfi məlumatları əvəzinə token deyilən fərdi rəqəmli kod dayanır. Həmin kodlar alış-veriş portallarında, mobil cihazlarda saxlanılması tamamilə təhlükəsizdir və bununla da elektron alış-veriş xeyli sadələşir. Bu xidmətdən yararlanmaq üçün 4.4 və daha yükdək Android əməliyyat sistemlərində çalışan və NFC (təmassız ödənişlər) sistemini dəstəkləyən mobil cihaz istifadə edilməlidir.
Bununla yanaşı token xüsusi olaraq müəyyən ticarət və ya xidmət müəssisəsi, mobil cihazı, yaxud alış-veriş növü üçün tərtib edilə bilər ki, bu da ödəmə təhlükəsizliyinin yeni səviyyəsi deməkdir. Həmçinin itən, yazud oğurlanan mobil cihazına bağlanan token dərhal dəyişdirilə bilər. Bu halda bank kartına aid nömrəni və ya başqa rekvizitləri dəyişdirməyə ehtiyac qalmır. Mövcud İSO standartlarına uyğun gələn tokenlər adi ödəmə kartları kimi istiqamətləndirilə bilər.