“Visa” Rusiyada kiçik və orta biznesə “pop-up” loyallıq proqramını təqdim edib. Bildirildiyi kimi, VCES (Visa Card Eligiability Service) xidməti ticarət nöqtələrinə müştərilər üçün loyallıq proqramlarını tez bir zamanda yaratmaq və onları biznes ehtiyaclarına uyğunlaşdırmaq imkanını verir. Banker.az xəbər verir ki, bunun üçün şirkət xidmətdə lazımi meyarları seçməli, endirim və bonuslar vermə şərtlərini müəyyənləşdirməlidir. Adından göründüyü kimi, xüsusi şərtlər yalnız “Visa” kartı ilə ödəniş edən müştərilərə şamil olunur.
Qeyd edək ki, bu proqram özünün loyallıq proqramına investisiya qoya bilməyən kiçik və orta biznes üçün nəzərdə tutulmuşdur.
Ekspertlərin qiymətləndirmələrinə görə, özünün loyallıq sisteminin yaradılması ən aşağısı 3000 – 4000 AZN xərc tələb edir. Üstəlik, müştəri bazasından asılı olaraq, lisenziyaya da müəyyən qədər vəsait qoyulur. Bunu nəzərə alaraq, “Visa” sisteminin təqdim etdiyi loyallıq proqramının olduqca sərfəli olduğunu söyləmək olar.





