Beynəlxalq ödəniş sistemləri “Visa” və “Mastercard” onlayn satış sahəsində yeni komissiyalar tətbiq edəcək.
Banker.az bu barədə “Vedmosti”yə istinadən xəbər verir.
Bildirildiyi kimi, yeni komissiya “3D Secure” xidmətindən istifadə edən banklara şamil olunacaq. Xatırladaq ki, “3D Secure” – ödəniş əməliyyatını təsdiqləmək üçün SMS və ya push-bildiriş tələb edən xüsusi protokoldur.
“Visa”da komissiya bu ilin oktyabr ayının 16-dan etibarən tətbiq ediləcək və istisnasız olaraq “3D Secure” xidmətindən istifadə edilən bütün əməliyyatlara şamil olunacaq. Komissiya hər sorğu üçün 0.02 dollar (minimum 500, maksimum 25 min dollar) təşkil edəcək. 2022-ci ilin 15 oktyabr tarixinədək komissiyanı yalnız ekvayer banklar ödəyəcək.
“Mastercard”da “3D Secure”dən istifadəyə görə komissiya 1 mart 2022-ci ildən etibarən tətbiq ediləcək, eyni zamanda dəyişməz hissəyə sahib olacaq – həm ekvayerdən, həm emitentdən ayda 1000 avro.
Beləliklə, böyük bankların “Visa” kartları ilə “3D Secure” xidmətindən istifadəyə görə xərcləri 300 min dollar təşkil edəcək, “Mastercard” kartları ilə xərclər daha çox olacaq.
“Visa” nümayəndəsinin verdiyi məlumata görə, “bu tədbir müasir “EMV 3D Secure” protokoluna keçidi stimullaşdırmaq məqsədini daşıyır”. “Mastercard” isə “hər bir ödənişin müəyyən bir xərci olduğunu” qeyd edib, “təhlükəsiz və etibarlı nağdsız ödənişlərin təmin etdiyi üstünlükləri hər iki tərəf arasında balanslaşdırmaq planlaşdırdığını” əlavə edib.