Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən, baş direktorun müavini Elməddin Süleymanov müsahibələrin nəticələrin gec elan edilməsinə aydınlıq gətirib: ” Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün müraciət edən 220 nəfər öz gücünü sınayıb. İndiyədək keçirilmiş müsahibələrin nəticələrinin bir qədər gec elan edilməsi ilə bağlı məsələni xüsusilə qeyd etmək istərdim. Bu müsabiqə təcrübəli kadr ehtiyatının formalaşdırılmasına istiqamətlənmiş bir tədbirdir. Bu mütəxəssisləri seçmək Vergilər Nazirliyinin öz səlahiyyətindədir. Biz təcrübəli mütəxəssisləri, peşə hazırlığı olan kadrları seçməyə çalışırıq. Seçim mərhələsində hər bir namizədlə fərdi müsahibə aparılır və onun sahə üzrə bilikləri, peşəkarlıq səviyyəsi yoxlanılır. Test üsulundan fərqli olaraq burada müsahibə daha dərinləşdirilmiş şəkildə keçirilir. Müsabiqədə iştirak edən insanların əksəriyyəti mühasibat, maliyyə və s. sahələrdə işləyən şəxslərdir. Əlbəttə, onların bilik səviyyəsi və təcrübəsi daha genişdir və bu şəxslərlə müsahibə kifayət qədər vaxt tələb edir. Müsahibədən uğurla keçən namizədlər kadr ehtiyatına daxil ediləcək və nazirlikdə müvafiq iş yerləri açıldıqca həmin namizədlərə iş təklif ediləcək.