Volkswagen 2034-cü ilədək dörd zavodunu bağlayacaq

Almaniyanın ən böyük avtomobil istehsalçısı Volkswagen xərclərin azaldılması üçün radikal tədbirlər hazırlayır. Der Spiegel nəşrinin şirkətin direktorlar şurasındakı mənbələrə istinadən verdiyi məlumata görə, Volkswagen 2031-ci ilədək Svikkau və Emden şəhərlərindəki zavodlarını, 2032-ci ildə Hannover zavodunu, 2034-cü ildə isə Nekkarzulm şəhərində yerləşən Audi avtomobillərinin istehsal müəssisəsini bağlamağı planlaşdırır.

Məlumata görə, bu planlar bu gün Volkswagen-in Müşahidə Şurasının iclasında müzakirə olunacaq.

Şirkət həmçinin adıçəkilən zavodlarda çalışan təxminən 40 min əməkdaşı ixtisar etməyi nəzərdə tutur. Bundan əlavə, Volkswagen 2030-cu ilədək daha 50 min iş yerini ləğv etməyi planlaşdırır.

Volkswagen-in baş direktoru Oliver Blyume şirkətin maliyyə göstəricilərini yaxşılaşdırmağa çalışır. O, 2030-cu ilədək investisiyaların gəlirliliyini üç dəfə artıraraq 9%-ə çatdırmağı hədəfləyir.

Hazırda Almaniyada istehsal olunan modellərin yığılmasının şirkətin Şərqi Avropadakı daha səmərəli müəssisələrinə köçürüləcəyi ehtimal edilir. Sonrakı investisiyalar əsasən Volkswagen-in Bratislavadakı və Audi-nin Macarıstanın Dyör şəhərindəki zavodlarına yönəldiləcək.

Der Spiegel qeyd edir ki, Almaniyada bağlanacaq zavodlar gələcəkdə müdafiə sənayesi şirkətlərinə satıla bilər.

Volkswagen-in maliyyə göstəriciləri son illərdə zəifləyir. Şirkətin 2026-cı ilin birinci rübündə əməliyyat mənfəət marjası 3,3% təşkil edib. Halbuki hədəf göstərici 8–10% səviyyəsindədir.

Bunun əsas səbəblərindən biri Volkswagen-in vaxtilə ən böyük bazarı olan Çində satışların yerli istehsalçıların artan rəqabəti fonunda azalmasıdır.

Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumları da şirkətə təzyiq göstərir. Bu tariflərin Volkswagen-ə illik dəyərinin təxminən 5 milyard avro olduğu bildirilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər