“Volkswagen” Drezdendəki zavodunda avtomobil istehsalını dayandırmağı planlaşdırır. Bu, şirkətin 88 illik tarixində ilk belə hal olacaq — indiyədək avtomobil istehsalçısı Almaniya ərazisində heç bir müəssisəsini bağlamayıb. Bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, istehsal xəttinin dayandırılması qərarı Avropanın ən iri avtomobil istehsalçısının maliyyə göstəricilərinin pisləşməsi fonunda qəbul edilib. Nəşrin məlumatına görə, vəziyyətə Çin bazarında zəif satışlar, Avropada tələbin azalması, eləcə də ABŞ-dэ avtomobil satışlarına mənfi təsir göstərən Amerika tarifləri təsir edib.
“Volkswagen” həmçinin qarşıdakı beş il üçün nəzərdə tutulmuş təxminən 160 milyard avro həcmində investisiya büdcəsinin bölüşdürülməsi ilə bağlı çətinliklərlə üzləşib. Şirkət benzin mühərrikli avtomobillərin istismar müddətinin uzadılacağı ehtimalını da nəzərə alır. Bununla yanaşı, son illərdə hər il yenidən nəzərdən keçirilən investisiyaların həcmi azaldılıb. Müqayisə üçün, 2023–2027-ci illər dövrü üçün bu göstərici 180 milyard avro təşkil edirdi.
Oktyabr ayında “Volkswagen”in maliyyə direktoru Arno Antlits bildirib ki, 2025-ci il üçün əvvəllər sıfıra yaxın qiymətləndirilən xalis pul axını cüzi müsbət ola bilər. Bununla belə, analitiklər avtomobil istehsalçısı üzərində təzyiqlərin davam edəcəyini vurğulayıblar.
“Volkswagen” 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyatların başlamasından sonra Rusiyadakı müəssisələrində istehsalı dayandırmışdı.








