“Volkswagen” avtomobil konserninin “dizel qalmaqalı” səbəbindən itkiləri 30 milyard avroya çatıb. Bu barədə məlumat konsernin mayın 2-də dərc olunan hesabatında yer alıb.
Bu ilin ilk üç ayı ərzində “Volkswagen” hüquqi xərclərə təxminən 1 milyard avro xərcləyib. Konsernin maliyyə direktoru Frank Vitterin sözlərinə görə, xərclərin böyük hissəsi qalmaqal səbəbindən Şimali Amerikadakı mübahisələrin nizamlanmasına yönəlib.
Hazırda Almaniyada “Volkswagen” avtomobil konserninə qarşı 60 minə yaxın məhkəmə prosesi aparılır.
Qeyd edək ki, konsern 2015-ci ildə “dizel qalmaqalının” mərkəzinə düşüb. “Volkswagen” ABŞ-da dizel avtomobillərini zərərli tullantıların real həcmini aşağı göstərən proqram təminatı ilə təchiz etməkdə günahlandırılıb. Amerika hökuməti konserndən 2009-2015-ci illərdə ölkədə satılmış 482 min “Volkswagen” və “Audi” minik avtomobilini geri çağırmağı tələb edib. Konsern 2017-ci ildə həmin avtomobilləri geri götürərək sahiblərinə kompensasiya ödəmək barədə razılaşıb.
2019-cu ilin mart ayında ABŞ-ın qiymətli kağızlar və birja üzrə komissiyası (SEC) Almaniya avtomobil istehsalçısına qarşı yeni ittihamlar irəli sürüb. SEC “Volkswagen” konsernini, onun iki törəmə kompaniyasını və sabiq baş direktor Martin Vinterkornu dələduzluqda ittiham edib.