Toyota şirkəti ən iri avtomobil istehsalçısı adını Volkswagen şirkətinə geri qaytarmalı olmuşdur. Yapon markasının dərc etdiyi məlumata əsasən, Toyota konserninin 2016-cı ildə 10 milyon 175 min avtomobil satdığı bildirilmişdir.
Öz növbəsində alman istehsalçsı 2016-cı ili 10 milyon 312 min 400 ədəd avtomobil satışını həyata keçirərək başa vurmuşdur. 2015-ci illə müqayisədə Toyota şirkətinin satışları 0,2 faiz artsa da, alman istehsalçısının satış həcmi 3,8 faiz artım göstərmişdir. Alman istehsalçısının tarixində ilk dəfə əldə edilmiş mütləq rekordu Avropa (+4%) və Asiya – Sakit okean (9,7%) regionundakı satışların artması təmin etmişdir. Təkcə Çin bazarında olan artım 12,2 fazi təşkil etmişdir.
Volkswagen tərəfindən təqdim edilmiş hesabatda kommersiya avtomobillərinə olan tələbatın 11,4 faiz artığı söylənilir. Bununla yanaşı Şkoda (+6,8%) və Porsche (5,6%) markaları ciddi artım göstərmişdirlər. Ümumilikdə, MAN markası istisna olmaqla, konsernə daxil olan bütün markalar artım göstərmişdirlər. MAN brendinin satışları 0,2% endirim göstərmişdir. 2015-ci ildə üçüncü pillədə qərarlaşan General Motors şirkəti hələlik rəqəmlərini açıqlamamışdır.