Volkswagen şirkəti yaşadığı “dizel qalmaqalı”-na baxmayaraq, 2016-cı ildə dünya üzrə avtomobil satışlarında yeni lider adını qazana bildi. Beləliklə, şirkət Toyota şirkətini birinci pillədən endirə bilib.
focus2move nəşrinin verdiyi məlumata görə, 2016-cı ildə Volkswagen şirkətinin bütün dünya üzrə satış həcmi 1,4% artıb və 10 milyon 102 min avtomobilə çatıb. Bu göstərici isə alman avtomobil şirkətinin bütün tarixi boyunca qeydə aldığı ən yaxşı nəticədir.
Keçmiş dünya lideri Toyota isə 9 milyon 947 min avtomobil (+0,2%) ilə ikinci pilləyə enib.
Dünya üzrə satışlarda üçüncü ən yaxşı nəticəni isə Renault-Nissan alyansı göstərib. Alyans il ərzində 8 milyon 513 min avtomobil (+6,2%) satıb. Onun ardınca isə 2016-cı ildə 8 milyon 175 min maşın (+1,9%) satmış koreyalı Hyundai-Kia avtomobil şirkəti gəlir.
Dünya liderlərinin beşliyini isə 7 milyon 972 min (+0,3%) göstərici ilə General Motors şirkəti tamamlayır.
2016-cı ildə dünya avtomobil bazarının liderlərinin TOP-10-luğuna daxil olan digər şirkətlər isə Ford (6 milyon 295 min maşın, +1,7%), Honda (4 milyon 906 min maşın, +4,7%), Fiat-Chrysler alyansı (4 milyon 864 min maşın, 2,5%), PSA (3 milyon 248 min maşın, -1%) və Suzuki (2 milyon 855 min maşın, +0,3%) – dir.