Bir ay bindan əvvəl Volkswagen şirkəti başıbəlalı ID.3 elektrik hetçbeklərinin satışının başlanmasının 17 iyun tarixinə planlaşdırıldığı barədə məlumat vermişdi. Alman istehsalçısı həmin vaxta qədər, keçən ilin sonunda aşkarlanan proqram təminatındakı problemləri tamamilə aradan qaldırılacağını açıqlamışdı. Bu gün alman istehsalçısı yeni rəsmi açıqlama yayımlayıb: 17 İyundan etibarən ID.3 modelinin First Edition seriyasından olan elektromobilləri üçün ilkin sifariş vermiş müştərilərə son sifarişlərini rəsmiləşdirə biləcəklərini söyləyib.
Eyni zamanda, müştərilərə avtomobili almaq üçün iki variantdan birini seçmək təklif olunur. Birinci variant elektrokarın müştəriyə sentyabr ayının əvvəlində verilməsini nəzərdə tutur. Ancaq, elektrokarlar elektronikanın məhdudlaşdırılmış funksiyalarına malik olacaqdır.İkinci variantda isə, istifadəyə tam hazır olan avtomobilin ilin sonunda təhvil verilməsi nəzərdə tutulur. First Edition seriyasından olmayan digər elektrokarlara sifarişlərin qəbuluna yalnız iyul ayının ortalarında başlanacaqdır.
Rəsmi məlumata görə, qeyri-aktiv olan proqramların siyahısına App Connect sistemi və proyeksiya displeyinin funksiyalarından biri daxil edilmişdir. Yəni, proqramın təminatındakı məhdudiyyətlər vacib elektron köməkçilərinin və güc qurğusunun işinə təsir göstərməyəcəkdir. Bundan əlavə, “birinci” seriyadan olan elektrokarların sahiblərinə First Mover Club proqramında (“Pionerlər Klubu”) iştirak etmək təlif olunur.
Proqramın əsas mahiyyəti, Volkswagen nümayəndələrinə avtomobil istismarı zamanı yaranacaq problemlər barədə birbaşa məlumat vermək imkanıdır. Hər hansı problem yaranarsa, onlar tərtibatçılar tərəfindən təhlil edilərək, proqram təminatının məsafədən yeniləməsi həyata keçiriləcəkdir. Bundan əlavə, ID.3 modelinin lizinqə alınması halında, onun sahibi ilk üç aylıq ödəniş etmək məcburiyyətindən azad ediləcəkdir.