11 C
Baku
Monday, December 8, 2025

“Volkswagen” istehsalın modernləşdirilməsinə €160 milyard investisiya edir

“Volkswagen”in (VW) istehsal, texnologiya və infrastruktur sahələrinə yatırımları 2030-cu ilə qədər 160 milyard avroya çatacaq. Bu barədə şirkətin rəhbəri Oliver Blume “Frankfurter Allgemeine Sonntagszeitung” (FAS) qəzetinə verdiyi müsahibədə bildirib. Bu investisiyalar şirkətin hər il yenilənən beşillik planının bir hissəsidir. Bu il nəzərdə tutulmuş investisiyaların həcmi əvvəlki illərlə müqayisədə azalıb. Məsələn, 2024–2028-ci illər üçün 180 milyard avro, 2025–2029-cu illər üçün isə 165 milyard avro investisiya planlaşdırılmışdı.

Son illərdə VW tələbatın azalması, elektrokar satışlarında çətinliklər və Çin şirkətləri ilə güclənən rəqabət səbəbindən ciddi problemlərlə üzləşir. 2024-cü ildə “Volkswagen” bəzi zavodların bağlanacağını və on minlərlə işçinin ixtisar ediləcəyini açıqlamışdı. Bu il isə şirkətə Donald Trampın tətbiq etdiyi idxal rüsumları əlavə problemlər yaradıb. “Volkswagen” üçüncü rübü 1,1 milyard avro zərərlə başa vurub, ABŞ rüsumları səbəbindən 2025-ci ildə ümumi itkilərini 5 milyard avro olaraq qiymətləndirir.

“Volkswagen” üçün problem mənbələrindən biri də “Porsche” brendidir. Sentyabrda şirkət “bazar şəraiti ilə əlaqədar” yeni elektrokar xəttinin buraxılışından imtina etdiyini və elektromobillər üçün proqram platformasının hazırlanmasını daha gec vaxta təxirə saldığını açıqladı. VW strategiyanın dəyişdirilməsi səbəbindən Porsche üzrə xərclərin 4,7 milyard avro olduğunu bildirdi. FAS-a müsahibəsində Blume bu brendin böhran vəziyyətini də etiraf edib və “Porsche”də yeni qənaət tədbirləri paketinin hazırlanmasına başlandığını deyib. Blume hələlik həm “Volkswagen”ə, həm də “Porsche”yə rəhbərlik edir, lakin yanvardan etibarən bu vəzifədən ayrılacaq və brendə Mihael Layters rəhbərlik edəcək.

Son xəbərlər
Digər xəbərlər