“VTB-Azerbaijan” Bankı ölkədə həyata keçirilən iri layihələri maliyyələşdirmək üçün yerli banklarla sindikat yaratmaqda, yaxud ana bank vasitəsilə vəsait cəlb etməkdə maraqlıdır.
Report Agentliyi xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədri Yevgeni Kirinmətbuat konfransında bildirib.
“Mövcud prudens normaları (bir kreditin kapitaldakı payı – red.) üzündən yerli banklar Dövlət Neft Şirkəti (SOCAR), yaxud “Azərbaycan Dəmir Yolları” QSC kimi iri qurumların həyata keçirdiyi layihələri maliyyələşdirə bilmir. Odur ki, bu məsələ sindikat kreditlər vasitəsilə həll oluna bilər. İkinci variant kimi, Rusiya, yaxud Avropa banklarından vəsait cəlb edə bilən ana bank vasitəsilə maliyyələşdirmə ehtimalını nəzərdə tuturuq”, – bank rəhbəri deyib.
O, hazırda sindikat yaratmaqla bağlı Azərbaycan bank və şirkətlərilə danışıqlar apardıqlarını diqqətə çatdırıb.
Mümkün sövdələşmənin həcminə toxunan “VTB-Azerbaijan” rəhbəri yerli banklarla sindikat kredit cəlb etdikdə məbləğin on milyonlarla, ana bank vasitəsilə vəsait cəlb etdikdə isə 50-100 milyon manatdan başlayacağını bildirib.