Azərbaycanın iqtisadi artım tempi dünyada orta göstəricini üstələyir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
O, ölkənin investisiya reytinqi almasını və MDB-də kredit reytinqinə görə ilk üçlükdə mövqelənməsini, həmçinin xalis xarici kreditor mövqeyinin ümumi daxili məhsulun (ÜDM) 150 %-dən, xalis dövlət aktivlərinin isə ÜDM-in 70 %-dən çox olmasını qeyd edib.
V.Qasımlının fikrincə, bu göstəricilər investisiyaların cəlb edilməsi və innovasiyaların inkişafı istiqamətində imkanlar yaradır.
2024-cü ildə Azərbaycanda 126,3 milyard manatlıq və yaxud 2023-cü illə müqayisədə 4,1 % çox ÜDM istehsal olunub.
Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 %, qeyri neft-qaz sektorunda isə 6,2 % artıb.
ÜDM istehsalının 35,9 %-i sənaye, 10,7 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,7 %-i tikinti, 5,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 19,9 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 %-ni təşkil edib.
Ötən il əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 12 382,5 manat olub.