Vyetnam Milli Assambleyası Kommunist Partiyasının baş katibi To Lamı beş il müddətinə ölkə prezidenti seçib.
Reuters-in məlumatına görə, əvvəllər ictimai təhlükəsizlik xidmətinə rəhbərlik etmiş To Lamın namizədliyi martın sonunda yekun olaraq təsdiqlənib. O, yanvarda partiyanın baş katibi vəzifəsinə ikinci müddətə yenidən seçilmişdi.
Analitiklər bildirirlər ki, iki ən yüksək vəzifənin bir şəxsdə birləşməsi Vyetnamın ənənəvi kollektiv idarəetmə sistemindən uzaqlaşdığını və hakimiyyətin bir fiqurun əlində cəmləndiyini göstərir. Reuters qeyd edir ki, bu, hakimiyyət vertikalının güclənməsinə və iqtisadiyyatın inkişafı üçün qərarların daha sürətli qəbuluna səbəb ola bilər.
To Lam 2024-cü ildə Nquyen Phu Trongun ölümündən sonra bir neçə ay ərzində hər iki posta da rəhbərlik etmişdi. O, ilk prezidentlik dövründə genişmiqyaslı iqtisadi islahatlara başlamışdı. Yenidən seçildikdən sonra isə xarici korporasiyaların qazandığı ixrac bumunun əsasını təşkil edən aşağı xərcli istehsaldan daha az asılı olan yeni inkişaf modeli vasitəsilə “iki rəqəmli artıma” nail olacağını vəd edib.






