Vyetnamın “Vingroup” holdinqinə məxsus “Vinspeed” şirkəti sürətli dəmir yolu magistralının tikintisi üçün icazə alıb. Yeni xətt Hoşimin şəhərinin mərkəzini Vyetnamın cənub-şərqindəki sahil rayonları ilə birləşdirəcək. Layihənin dəyəri 102,4 trilyon donq (3,9 milyard dollar) olaraq qiymətləndirilir. “Nikkei” xəbər verir ki, tikinti işlərinə artıq 19 dekabrda başlanılacaq.
Layihə sənədlərinə əsasən, magistralın uzunluğu 54 km olacaq. Qatarlar saatda 350 km-ə qədər sürətlə hərəkət edə biləcək və Hoşimin mərkəzindən Cənubi Çin dənizinin sahilində yerləşən Kanzyo son stansiyasına qədər yol təxminən 20 dəqiqə çəkəcək. Hazırda bu məsafəni qət etmək 1,5 saat tələb edir. Xətt üzrə 20 dəqiqəlik intervallarla hərəkət edəcək 6 qatarın işləməsi planlaşdırılır.
Layihənin birinci mərhələsində, 2028-ci ilə qədər, “Vinspeed” başlanğıc və son stansiyaları, həmçinin onların arasındakı xətti tikəcək. Daha sonra dörd ara stansiya inşa olunacaq. Bu layihə “Vingroup” üçün ona görə də sərfəlidir ki, holdinq Kanzyoda 108 mərtəbəli göydələn, premium sinif yaşayış binaları, əyləncə obyektləri və məşhur amerikalı qolfçu Tayger Vudsun layihələndirdiyi qolf sahəsi daxil olmaqla böyük yaşayış kompleksi inşa edir.







