Vyetnamın iqtisadi möcüzəsi

Dünya Vyetnamı Amerika Birləşmiş Ştatları ilə uzun illər davam edən müharibədən tanıdı. 1975-ci ildə müharibə bitdikdə, Vyetnam dünyanın ən kasıb, adambaşına düşən ümumdaxili məhsulu (ÜDM) 200 – 300 ABŞ dollar olan ölkə idi. Ölkə imperializmə qarşı mübarizədən qalib çıxsa da, iqtisadi baxımdan çökmüşdü. Planlı iqtisadiyyat, sosialist hakimiyyətin bacarısızlığı və siyasi kursun düzgün iqtisadi islahatları əzməsi, ölkəni iflasa sürükləyirdi.

Ancaq həmin illərdən 30 il sonra, 200-300 ABŞ dolları səviyyəsində olan adambaşına düşən ÜDM artıq 2000 ABŞ dollarına çatıb və ölkə orta gəlirli ölkələr siyahısına aid edilir. 1986-cı ildə tətbiq edilmiş iqtisadi islahatlar artıq öz nəticəsini verməkdədir. Vyetnamın iqtisadi artım tempi Çinlə müqayisə edilir. Bu məqalədə son 30 il ərzində Vyetnamın iqtisadi islahatları təhlil olunacaq və iqtisadi uğurun əsas səbəbləri müzakirə ediləcək.

Paytaxt şəhəri Hanoy

Birinci, onu qeyd etmək olar ki, Vyetnam da digər Asiya nəhəngi Çin kimi sosialist iqtisadiyyatından tənzimlənən bazar iqtisadiyyatına uğurlu keçid edib. Vyetnamın iqtisadi islahatlarının əsasında ticarətin canlandırılması dayanırdı. Bunun üçün ölkə son 20 ildə ABŞ-la azad ticarət müqaviləsi imzaladı və ASEAN (Cənub Şərqi Asiya Ölkələr Birliyi) azad ticarət zonasına daxil oldu. 2007-ci ildə isə ölkə, bəlkə də, tarixini dəyişdirəcək həmləni edərək Dünya Ticarət Birliyinə üzv qəbul olundu. Bu islahatlar və ölkə bazarının dünyaya açılması Vyetnam mallarına tətbiq edilən tarifləri azaltdı və ölkəni azad biznes ölkəsinə çevirdi. Hər bir ticarət müqaviləsi imzalandıqdan sonra Vyetnam müqavilə əsasında götürdüyü bütün öhdəlikləri qeyd-şərtsiz yerinə yetirdi. Ölkə Qərb dünyasının etibarını qazandı. Ölkədə 1986-cı ildən başlayaraq xarici kapital haqqında qanun tətbiq edilir. Vaxtaşırı müasir dünya ticarətinin qanunlarına görə yenilənir. Həmçinin yeni qanunların tətbiqi ilə ölkədə burokratik əngəllər qaldırılıb. Ölkədə biznes qurmaq istəyən hamı üçün sərfəli şərtlər mövcuddur.

Vyetnamın iqtisadi möcüzəsinin ikinci əsas uğur faktoru ölkənin insan resurslarına etdiyi investisiyalardır. Ölkənin əhalisi əsasən gənclərdən ibarət olduğundan, əmək bazarını işlə təmin etmək çətinlik yaradırdı. Ölkə rəhbərliyi başa düşürdü ki, xarici kapital axınının yerli əhalinin iqtisadi rifahına təsiri olmağı üçün, xarici şirkətlərin tələblərinə cavab verən işçi qüvvəsi hazır olmalıdır. Ona görə də, ölkə təhsilə böyük investisiyalar etdi. Təhsildə də qərb ölkələrinin təcrübəsindən faydalandılar və ölkədə xarici məktəblər açdılar. Təhsil səviyyəsinin artması, peşə məktəblərinin mövcudluğu, əmək bazarını yüksək ixtisaslı kadrlarla təmin etdi və bu, əhalinin rifahının artmasında rol oynadı.

Üçüncü əsas inkişaf istiqaməti, ölkənin infrastrukturda etdiyi islahatlar oldu. Vyetnam rəhbərliyi yolların olmadığı rayon və kəndləri birləşdirdi. Nəqliyyat yollarına edilmiş investisiyalar, hərəkəti asanlaşdırdı. Ölkənin yalnız paytaxtı deyil, digər əraziləri də investorlar üçün cəlb edici oldu. Artıq paytaxtdan xeyli uzaqdakı şəhər kənarında olan şirkətlər də istehsal etdikləri malları hər gün şəhər bazarına çıxara bilirdilər. Bundan əlavə, ölkə ərazisi internet və şəbəkə xətləri ilə təmin edildi və insanlar bazar haqda daha məlumatlı olmağa başladılar. Həmçinin, internet ölkədəki ticarəti də canlandırdı. İllər ərzində ölkə bütün qanunlarını elektron hökümət yaratmaq üçün yenilədi və virtual ticarətin inkişafına təkan verdi.

Beləliklə, əminliklə demək olar ki, cəmi 3 istiqamətdə inkişaf dünyanın ən kasıb ölkələrindən birini dünyanın ən sürətlə inkişaf edən ölkə vəziyyətinə gətirdi. Bütün bu işlər qısa müddət ərzində deyil, 30 uzun il ərzində hissə-hissə görüldü və uğur əldə edildi. Deməli, Vyetnam üçün əsas uğur faktoru islahatların dayanıqlı və davamlı olması idi. İndiki vəziyyətdə Vyetnamın qlobal bazarda və regionda əhəmiyyəti bir az da artır. Artıq ölkə Çinin alternativi kimi qəbul edilir. ABŞ-Çin ticarət müharibəsi isə ölkəni bir az da dünyanın biznes hədəfi halına gətirə bilər.

MÜƏLLİF

 digər yazıları 

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.