Wagner qanunu (Wagner Act, rəsmi adı – National Labor Relations Act) – 5 iyul 1935-ci ildə senator Robert Wagner-in təşəbbüsü ilə prezident Franklin Ruzveltin Yeni kursu çərçivəsində ABŞ Konqresi tərəfindən qəbul edilmiş əmək münasibətlərinin tənzimlənməsi barədə qanundur.
Bu qanunun qəbul edilməsi Böyük depressiya səbəbindən daha da ağırlaşmış sinfi ziddiyyətləri yüngülləşdirmək idi. Wagner qanunu işçilərin hüquqlarını və kollektiv müqavilələrin imzalanmasını dəstəkləyir və tətillərin bəzi növlərini leqallaşdırırdı. Qanun sahibkarlara müqavilələri imzalamaqdan imtina etməyi, şirkət daxilində özlərinin ittifaqlarını yaratmağı, işçilər arasında ayrı-seçkiliyi qadağan edirdi.
Qanunun təşkil edilməsi ilə əmək münasibətləri üzrə Milli şura yaradılmışdı. Şuranın cəmi üç üzvü olsa da, onların çox böyük səlahiyyətləri var idi. Məsələn, onlar işdən çıxarılmış işçini yenidən öz işinə bərpa edə bilərdilər. Əmək münasibətləri üzrə Milli şura həmkarlar ittifaqlarının yaradılması prosesinə və onların fəaliyyətinə nəzarət edirdi. Lazım olan halda o şirkət daxilində həmkarlar ittifaqının yaradılmasına təşəbbüs göstərə bilərdi. Bu aktın konstitusiyası 1937-ci ildə ABŞ-ın Ali məhkəməsi tərəfindən qəbul edilmişdi. Bu qanun federal akt olaraq, federal əhəmiyyətli müəssisələrdə işləyən işçilərə şamil edilirdi. Lakin bu qanun ştatların qanunvericiliyinə də öz təsirini göstərdi və ştatların əksəriyyəti bu qanunu qəbul etdi. Bu qanun 20-ci əsrdə əmək qanunvericiliyinin yaradılmasında əhəmiyyətli addım olaraq 1936-cı ildə həmkarlar ittifaqlarının prezident seçkilərində Franklin Ruzveltə dəstəyini təmin etdi.
Bu qanunu təcrübədə tətbiq etmək isə yerlərdə öz səlahiyyətlərindən istifadə edərək işçilərə güzəştə getməyən sahibkarların etirazına səbəb oldu. Həmkarlar ittifaqlarının hüquqlarının genişlənməsinin mənfi tərəfləri də var idi. Elə “bağlı sexlər”, müəssisələr yaranırdı ki, Həmkarlar ittifaqının üzvü olmadan burada işə düzəlmək mümkün deyildi.
Həmkarlar ittifaqlarının üzərində mafioz strukturlar nəzarəti üzərinə götürür və həm işçilərə, həm də sahibkarlara təzyiqlər edirdilər. Artıq 1943-cü ildə Smit-Konneli qanunu qəbul edildi və bu qanun həmkarlar ittifaqlarının bəzi səlahiyyətlərini məhdudlaşdırırdı. 1947-ci ildə isə əmək münasibətlərində yeni – Taft-Hartli qanunu qəbul edildi və mahiyyətcə Wagner aktını əvəz etdi. Wagner aktının fəaliyyətdə olduğu illərdə amerikalı həmkarlar ittifaqları üzvlərinin sayı 15 milyon insana qədər artmışdı. Müəssisələrin əksəriyyətində işçilərlə sahibkarlar arasında əmək müqaviləsi imzalanmışdı.