Amerikanın “Walmart” şirkəti “TikTok”u almaq üçün “Microsoft” korporasiyası ilə birləşmək istəyir. Banker.az xəbər verir ki, bu barədə CNBC məlumat verib.
“Biz əminik ki, “Walmart” və “Microsoft” arasındakı tərəfdaşlıq təkcə “TikTok” istifadəçilərinin gözləntilərinə deyil, həm də ABŞ tənzimləyicilərinin tələblərinə cavab verəcəkdir”, – ticarət şəbəkəsinin açıqlamasında deyilir.
CNBC-nin qeyd etdiyi kimi, müqavilənin dəyəri 20-30 milyard dollar arasında təşkil edə bilər.
“Bloomberg” mənbələrə istinadən bildirir ki, “TikTok”a sahib olan “ByteDance” şirkəti, əlavə olaraq “Microsoft” və “Oracle” şirkətlərindən təklif alıb. Agentliyin məlumatına görə, razılaşma bir həftə ərzində əldə edilə bilər.
Avqustun 6-da ABŞ prezidenti Donald Tramp “TikTok”, “Tencent” və “WeChat”ın fəaliyyətini qadağan edən sərəncamlar imzalayıb. Sərəmcanlarda deyilir ki, bu tətbiqetmələr ABŞ vətəndaşlarının fərdi məlumatlarını toplayaraq, Çin hakimiyyətinə ötürür. Onlar sentyabrın 20-də qüvvəyə minəcək.