“Tərəflərin birbaşa mübahisələrinə aid olan səs yazıları, video-qeydlər məhkəməyə sübut kimi təqdim oluna bilər”.
Bunu vəkil Vamiq Şükürov bildirib.
“Əksər insanlar hesab edir ki, səs yazılarından, video-qeydlərdən məhkəmələrdə istifadə etmək olmaz. Yəni hakim səs yazılarına əsaslanıb qərar çıxara bilməz. Yaxud səsini yazdığımız, videolarını çəkdiyimiz şəxslərin razılığı olmadan həmin sübutlardan məhkəmədə istifadə etmək olmaz. Lakin bu, belə deyil. Məsələn, bir şəxs digərinə pul borcludur və borcun ödənilməsi üçün məhkəməyə müraciət edilib. Lakin həmin şəxs məhkəmədə iştirak edərək borcunun olduğunu inkar edir. Bu zaman biz borcun olması barədə səs yazısını və yaxud da “WhatsApp” yazışmasını məhkəməyə təqdim edirik. Belə olan halda, bu, gizli səs yazma sayılmır. Çünki kiminsə şəxsi həyatına müdaxilə edilmir. Belə olan halda həmin səs yazısından məhkəmədə istifadə oluna bilər. Bu tərəflərin birbaşa ixtilaflarına, mübahisələrinə aid olan məsələdir və mahiyyət etibarilə tərəflərin öz mübahisələrini həll etmək üçün bir-birinə göndərdikləri bildirişlərdən fərqlənmir”, – deyə vəkil qeyd edib.