“WhatsApp” messenceri tezliklə istifadəçilərə hər bir çatda saxlanılan faylların (foto, video, sənəd və s.) telefonda nə qədər yer tutduğunu görməyə imkan verəcək. Bu, iri həcmli videoları asanlıqla tapmağa və cihazda kifayət qədər boş yaddaş saxlamağa kömək edəcək.
“Yaddaşın idarə olunması” funksiyası çat məlumatları bölməsində əlçatan olacaq. “9to5mac” portalının yazdığına görə, bu bölmədə bütün fayllar qalereya formatında göstəriləcək və hər birinin ölçüsü qeyd olunacaq.
Hazırda istifadəçilər hər çatdakı faylları görə bilirlər, lakin onların tutduğu yaddaş həcmi göstərilmir. Proqramların fayllarının telefonda nə qədər yer tutduğunu öyrənmək yalnız sistem parametrləri vasitəsilə mümkündür və bu zaman məlumat ümumi şəkildə təqdim olunur.
Yeni “WhatsApp” funksiyası isə faylların ölçüsü barədə dəqiq məlumat verəcək və istifadəçilərə artıq faylları seçərək silmək imkanı yaradacaq.
Funksiya hələlik yalnız iOS üçün beta-versiyada sınaqdan keçirilir. Onun bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.