İnternet ensiklopediyası “Wikipedia”nın mövcud olduğu bütün dövr ərzində ən populyar axtarış sorğularının siyahısı tərtib edilib. Bu barədə “Popular Science” jurnalı məlumat yayıb.
Ən çox baxış toplayan məqalə “İllər üzrə ölümlərin siyahısı” olub — ona 647 milyondan çox insan baxıb. İkinci yerdə ABŞ haqqında məqalə (328 milyondan çox baxış), üçüncü yerdə isə ABŞ prezidenti Donald Tramp barədə məlumat (325 milyondan çox baxış) qərarlaşıb. Dördüncü və beşinci yerləri 1952–2022-ci illərdə taxtda olmuş Böyük Britaniya kraliçası Elizabet II haqqında məqalə və Hindistan barədə məlumat bölüşüb.
Ən populyar axtarış sorğularının ilk onluğuna həmçinin portuqaliyalı futbolçu Kriştianu Ronaldu, ABŞ-nin 44-cü prezidenti Barak Obama, amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş Krallıq haqqında məqalələr də daxil edilib.
“Wikipedia” 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb. Ensiklopediyada 300-dən çox dildə yazılmış 65 milyondan artıq məqalə var. Bu materiallara hər ay istifadəçilər tərəfindən 15 milyarddan çox baxış həyata keçirilir.







