“Wirecard” fintex startapı italyan mafiyasının ödənişlərini emal edib

Almaniyanın qalmaqallı “Wirecard” fintex startapı Malta kazinosunun ödənişlərini emall edib. Verilən məlumata görə, italyan mafiyası ( Ndrangeta) bu kazino vasitəsi ilə çirkli pulların yuyulmasını həyata keçirib.

Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Financial Times” məlumat verib.

“Ndrageta” adlı mafiya təşkilatı Avropada qaçqın qəbulu mərkəzlərinə nəzarət edərək, uzun müddət ərzində Avropa İttifaqının miqrantlara yardım üçün göndərdiyi pulları mənimsəyib. Təşkilatın cinayət yolu ilə əldə etdiyi gəlirlərin yuyulmasında “CenturionBet” şirkəti vasitəçilik edib. “Wirecard” 2017-ci ilə qədər “CenturionBet”in ödənişlərini qəbul edib. Qeyd edildiyi kimi, şirkətin fəaliyyəti polis əməkdaşlarının mafiyaya qarşı təşkil etdiyi basqından sonra dayandırılıb.

Bundan əlavə, “Wirecard” Maltanın daha böyük qumar şirkəti üçün ödənişləri emal edib. FT-nin verdiyi məlumata görə, bu şirkət də çirkli pulların yuyulması ilə məşğul olub.

Mütəxəssislərin ehtimalına əsasən, “Wirecard” bu şirkətlərin cinayətkarlarla əlaqələrindən xəbərdar olmaya bilərdi, lakin startap məsələyə şərh bildirməkdən imtina edib.

“Ndrangeta” – Avropada kokain ticarəti, silah qaçaqmalçılığı, çirkli pulların yuyulması və qətllə məşğul olan ən güclü cinayətkar qruplardan biridir.

“Wirecard” startapı 1999-cu ildə qurulub, 2018-ci ildə Almaniyanın 30 ən böyük şirkəti arasında yer alıb. Lakin hesabdan 1,9 milyard avro və ya səhmlərin 32%-nin yoxa çıxması, ona qarşı cinayət işinin başlamasına səbəb olub. Qalmaqaldan sonra “Wirecard”ın əməliyyat direktoru Yan Marsalek itkin düşüb.