-1 C
Baku
Sunday, December 15, 2024

Wrigley’s –ın yaranma tarixçəsi  

Wrigley’s saqqızlarının yaranma tarixçəsi öz başlanğıcını 1891-ci ildən, yəni William Wrigley-in Filadelfiyadan Çikaqoya gəlməsindən götürüb. Onun bu zaman 29 yaşı və cibində cəmi 32 dolları var idi. Bəli, bütün amerikalı uğur tarixçələri bir-biri ilə oxşardır.

William gənc yaşının olmasına baxmayaraq, biznesdə artıq müəyyən təcrübəyə sahib idi. Belə ki, onun atası sabun istehsalı ilə məşğul olur, William isə atasının şirkətində satış agenti olaraq fəaliyyət göstərirdi.

William Çikaqoda da ilk olaraq sabun satmaqla məşğul olsa da, daha sonradan daha sərfəli olan qabartma tozu istehsalına keçir. 1892-ci ildə William hər qabartma tozu şüşəsinin içərisinə iki ədəd saqqız qoymaq qərarına gəlir. Tezliklə o saqqızın qabartma tozundan daha böyük tələbatla istifadə olunduğunu görür. Bu səbədən də özünün şəxsi saqqız istehsalını yaratmaq qərarına gəlir.

Bu zaman çoxlu sayda şirkət saqqız istehsalı ilə məşğul olsa da, Amerikanın saqqız bazarı bir o qədər də inkişaf etməmişdi. Wrigley’s brendi adı altında istehsal edilən ilk saqqızlar Lotta və Vassar adlanırdı. Daha sonradan isə məşhur Spearmint və Juicy Fruit peyda olur.

William Wrigley reklamdan istifadə etməyə qərar verən ilk saqqız istehsalçısı idi. O öz məhsulunu qəzetlərdə, jurnallarda və küçə reklam lövhələrində reklam edirdi. Reklam kompaniyası o qədər uğurlu alınır ki, Wrigley beynəlxalq bazara çıxış əldə edir. O 1910-cu ildə Kanadada, 1915-ci ildə Avstraliyada, 1927-ci ildə İngiltərədə, 1939-cu ildə isə Yeni Zellandiyada saqqız istehsal edən zavod açır.

İkinci dünya müharibəsi illərində saqqız istehsalı üçün lazım olan məmulatlar çətinliklə gətirilirdi. Bununla eyni zamanda saqqıza olan tələbat durmadan artırdı. Amerika ordusunun ehtiyaclarını qarşılamaq üçün şirkət özünün ən populyar olan Wrigley’s – Spearmint, Doublemint və Juicy Fruit saqqız növlərini sərbəst satışdan yığışdırmalı olur. 1944-cü ildə bu növdə istehsal edilən bütün saqqızlar müstəsna olaraq ABŞ hərbi qüvvələrinə göndərilirdi. Amerika rəhbərliyi əsgərlərin psixoloji gərginliyi saqqız vasitəsilə aradan qaldırdığına inanırdı.

Müharibə bitdikdə və saqqız istehsal etmək üçün bütün məmulatlar tam olaraq əldə edildikdə Juicy Fruit, Doublemint və Spearmint mağaza vitrinlərinə geri dönür. Bir neçə il ərzində məhsula tələbat o dərəcədə artır ki, şirkət əldə edilən vəsaitlər hesabına Filippin, Fransa, Avstriya, Keniya və Tayvanda yeni zavodlar inşa etdirir. Hazırda Wrigley’s dünyada ən nəhəng saqqız istehsalçılarından biridir və planetin 100-dən çox ölkəsini öz məhsulları ilə təmin edir.

Son xəbərlər
Digər xəbərlər