Bəzi ukraynalı rəsmilər hesab edir ki, Qərb müttəfiqləri Ukrayna üçün çətin görünən NATO-ya dəvət əvəzinə onu yaxın illərdə müdafiə xərclərini artırmaq üçün lazımi vəsaitlə təmin edə bilər, “The Wall Street Journal” yazır. Adı açıqlanmayan ukraynalı rəsminin sözlərinə görə, 2025-ci ildə Kiyevə hərbi məqsədlər üçün 126 milyard dollar lazımdır.
Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə bildirib ki, Qərbin köməyi Ukrayna ordusunun texnika və silahlara olan bütün ehtiyaclarını ödəmir. NATO-ya üzv ölkələrin liderləri iyulda razılaşıblar ki, 2025-ci ildə Ukraynaya hərbi yardım üçün cəmi 40 milyard avro ayrılsın.
Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuatda dərc etdiyi bəyanatda bildirilir ki, Ukrayna NATO-ya dəvətdən başqa hər hansı təhlükəsizlik zəmanətindən imtina edir. Volodimir Zelenski bu yaxınlarda bunu Rusiya ilə sülh danışıqlarının başlanması üçün əsas şərt adlandırıb. Lakin NATO xarici işlər nazirlərinin dekabrın 3-4-də Brüsseldə keçiriləcək görüşündə Ukrayna Silahlı Qüvvələrinə yardımın müzakirəsi planlaşdırılır.