ABŞ prezidenti Donald Tramp administrasiyası xarici ölkələri yeni yaradılan Dənizdə Naviqasiya Azadlığı Koalisiyasına (Maritime Freedom Construct, MFC) qoşulmağa təşviq edir. Bu barədə “The Wall Street Journal” yazır.
Məlumata görə, ABŞ səfirliklərinə göndərilən teleqramda xarici hökumətlərlə danışıqlar aparmaq və onları bu təşəbbüsə cəlb etmək tapşırılıb. Koalisiyanın əsas məqsədi Hörmüz boğazı vasitəsilə təhlükəsiz gəmiçiliyi təmin etməkdir.
Sənəddə qeyd olunur ki, ABŞ-nin rəhbərlik edəcəyi bu koalisiya informasiya mübadiləsi aparacaq, diplomatik koordinasiya həyata keçirəcək və zərurət yaranarsa sanksiyalar tətbiq edəcək. MFC layihəsi ABŞ Dövlət Departamenti və ölkənin Mərkəzi Komandanlığı tərəfindən hazırlanıb və rəsmi olaraq “sülh təşəbbüsü” kimi təqdim olunur. Diplomatik nümayəndələrə ölkələrə koalisiyada diplomatik və ya hərbi tərəfdaş statusu seçmək imkanı təklif etmək tapşırılıb.
ABŞ 13 aprel tarixində İran limanlarına qarşı dəniz blokadasına başlayıb. Buna cavab olaraq İran yenidən Hörmüz boğazını bağlayıb. Qeyd edək ki, bu marşrut vasitəsilə dünya üzrə neft, neft məhsulları və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-i daşınırdı. Münaqişədən əvvəl İran bu boğazdan gündə təxminən 1,6 milyon barel neft ixrac edirdi.
28 aprel tarixində Donald Tramp İranın boğazın açılması ilə bağlı müraciət etdiyini bildirib, lakin İran rəsmiləri bu məlumatı təkzib ediblər.






