Mənbələrin “The Wall Street Journal” qəzetinə bildirdiyinə görə, ABŞ prezidenti Donald Tramp administrasiyası Kuba hökumətində rejimin devrilməsinə kömək edə biləcək nüfuzlu şəxslər axtarır. Vaşinqton bu planları 2026-cı ilin sonunadək həyata keçirməyi nəzərdə tutur.
Nəşr qeyd edir ki, Mayami və Vashington şəhərlərində kubalı mühacirlər və vətəndaş cəmiyyətləri ilə keçirilən görüşlərdə Tramp administrasiyasının nümayəndələri “mövcud hökumətin daxilində razılaşmaya getmək istəyəcək bir şəxsin müəyyənləşdirilməsinə fokuslanıblar”. Trampın ətrafı Kubadakı rejimin devrilməsini “yarımkürənin yenidən qurulmasına yönəlmiş milli təhlükəsizlik strategiyasının həlledici sınağı” kimi qiymətləndirir.
Donald Tramp bu məsələdə Venesuela nümunəsindən ilham alır. Belə ki, bu ilin yanvarında Venesuela prezidentinin yaxın çevrəsindən olan məlumatvericinin köməyi ilə ölkə lideri Nikolas Maduronun ələ keçirildiyi iddia olunur. WSJ mənbələri Maduronun tutulmasını və onun qalan müttəfiqlərinin sonrakı güzəştlərini “təqlid üçün model və Kuba üçün xəbərdarlıq” kimi dəyərləndirirlər.
Vaşinqton, həmçinin, rejimi zəiflətmək məqsədilə Kubaya qarşı iqtisadi təzyiq variantlarını da nəzərdən keçirir. Bu çərçivədə Venesueladan neft idxalının qarşısının alınması, eləcə də Kuba tibbi məhsullarının ixracının bloklanması gündəmdədir. Bununla yanaşı, WSJ vurğulayır ki, çətin vəziyyətdə olan Kuba hökumətinin devrilməsi “Trampın Venesuelada qaçmağa çalışdığı türbülensiya və humanitar böhrana” gətirib çıxara bilər.





