WSJ: ABŞ memorandum imzalandıqdan dərhal sonra İrana neft satmağa icazə verəcək

ABŞ iyunun 19-da İsveçrədə imzalanması nəzərdə tutulan qarşılıqlı anlaşma memorandumu qüvvəyə mindikdən dərhal sonra İrana neft və yanacaq satışına başlamağa icazə verəcək. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, sanksiyaların ləğvi satışların həyata keçirilməsi üçün zəruri olan bütün sahələri əhatə edəcək. Məhdudiyyətlərin bank əməliyyatları, xam neftin daşınması və sığortalanması üzrə aradan qaldırılması planlaşdırılır.

Qəzetin mənbələrindən biri bunu sanksiyaların ilkin yumşaldılması adlandırıb. Onun sözlərinə görə, xammal satışına icazə ABŞ-nin irəli sürdüyü tələblərin yerinə yetirilməsindən asılı olacaq. Buraya İranın Hörmüz boğazını gəmiçilik üçün açması və nüvə proqramı ilə bağlı əldə olunan razılaşmalara əməl etməsi daxildir.

WSJ-nin tanış olduğu memorandum layihəsinə əsasən, ABŞ həmçinin İrana digər sanksiyaların yumşaldılmasını, dondurulmuş aktivlərin bir hissəsinin açılmasını və ölkənin bərpası üçün milyardlarla dollar ayrılmasını vəd edir. Lakin sənəddə qeyd olunur ki, bu addımlar tərəflər arasında aparılacaq sonrakı danışıqlardan asılı olacaq.

ABŞ administrasiyasının adı açıqlanmayan yüksəkvəzifəli rəsmisi nəşrə bildirib ki, Tehran dondurulmuş milyardlarla dollarlıq vəsaitə dərhal çıxış əldə etməyəcək.

WSJ qeyd edir ki, ABŞ və İsraildə bir çox qanunverici və siyasi xadim İrana maliyyə yardımı göstərilməsinin və təzyiqin azaldılmasının əleyhinədir. Nəşr neft ticarətinə tətbiq olunan embarqonu Vaşinqtonun Tehrana qarşı əsas təzyiq alətlərindən biri kimi qiymətləndirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər