The Wall Street Journal (WSJ) mənbəyə istinadən xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında iki kommersiya gəmisinə raket zərbələri endirib. Nəşrin yazdığına görə, hücumlar dünən səhər tezdən baş verib. Hadisə barədə bundan əvvəl ictimaiyyətə məlumat verilməmişdi.
Hücuma məruz qalan gəmilərdən biri mayeləşdirilmiş təbii qaz daşıyan Qətərə məxsus Al Rekayyat tankeridir. Gəmi sol bortundan zərbə alıb, nəticədə mühərrik bölməsində yanğın baş verib. Xəsarət alanlar barədə məlumat verilmir.
WSJ yazır ki, hücumdan əvvəl SEPAH tərəfindən dəniz radioəlaqəsi vasitəsilə birbaşa təhdidlər səsləndirilib. Hərbiləşdirilmiş qurumun nümayəndələri mülki gəmilərə Oman sahilləri yaxınlığındakı marşrutlardan istifadə etməmələri barədə açıq xəbərdarlıq ediblər. Nəşrin qeydinə görə, baş verən hadisə ABŞ-İran müharibəsinin dayandırılması ilə bağlı danışıqları təhlükə altına qoyur.
İyunun sonunda ABŞ və İran əldə olunmuş atəşkəsə baxmayaraq, yenidən qarşılıqlı zərbələr endirməyə başlayıblar. Döyüş əməliyyatlarının bərpasına səbəb Tehranın tələblərinə məhəl qoymayan gəmilərə İranın hücumları olub. Tərəflər iki gün ardıcıl zərbələr endirdikdən sonra atəşi dayandırmaq barədə razılığa gəliblər. Axios-un məlumatına görə, İran boğazda gəmiçiliyə mane olmamağa razılıq verib. Yeni hücumlar isə məhz Hörmüz boğazından gəmi hərəkətinin bərpa olunmağa başladığı vaxta təsadüf edib.







