“The Wall Street Journal” (WSJ) yazır ki, İran hücuma məruz qalacağı təqdirdə ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərini vurmaqla hədələyib. Bildirilir ki, Tehran İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və Qətərə xəbərdarlıq edib. WSJ-nin məlumatına görə, bütün bu ölkələr İrana hücumlar üçün ABŞ və İsrailə hərbi infrastruktur və ya hava məkanı vermək istəmədikləri barədə Vaşinqtonu artıq xəbərdar ediblər.
Oktyabrın 1-də İran İsrailə doğru 180-dən çox ballistik raket atıb və bunu Livanın Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab adlandırıb. Media yazıb ki, İsrail hakimiyyəti cavab olaraq Tehranın nüvə obyektlərinə hücumu nəzərdən keçirir. “The New York Times”ın yazdığına görə, İsrailin cavab zərbəsinin ən çox ehtimal olunan hədəfi İran hərbi bazaları olacaq. Tehran yəhudi dövlətinin enerji infrastrukturunu sıradan çıxara biləcək daha dağıdıcı zərbə ilə hədələyir.