Yaxın Şərqdə münaqişənin kəskinləşməsi fonunda süni intellekt əsaslı mikrosxemlərin istehsalı, avadanlıqların soyudulması və MRT aparatlarının işləməsi üçün zəruri olan heliumun qlobal ehtiyatları azalır. Qazın çatışmazlığı həmçinin pilotsuz uçuş aparatlarının istehsalını da poza bilər. Bu barədə “The Wall Street Journal” (WSJ) yazır.
WSJ qeyd edir ki, helium ehtiyatlarının azalması Qətərdən təbii qaz tədarükünün dayandırılması ilə bağlıdır. Qəzetin məlumatına görə, qazın qiyməti iki dəfə artıb və tədarükçülər artıq müştərilərə xəbərdarlıq edirlər ki, qiymətlərin daha da yüksəlməsi və təklifdə fasilələr gözlənilir.
Daha əvvəl Qətər helium ixracını Hörmüz boğazı vasitəsilə həyata keçirirdi. Lakin ABŞ və İsrailin hərbi əməliyyatının başlanmasından sonra boğaz bağlanıb. Qəzet yazır ki, hətta boğaz yaxın zamanda açılsa belə, qaz ixracını artırmaq asan olmayacaq.
“Qatar Energy” 20 mart tarixində bildirmişdi ki, İranın Qətərə endirdiyi zərbələr ölkənin mayeləşdirilmiş təbii qaz (LNG) istehsal güclərinin 17%-ni sıradan çıxarıb və onların bərpası beş ildən çox vaxt apara bilər. Reuters isə yazırdı ki, helium istehsalı təxminən 15% azalacaq.






