4 C
Baku
Wednesday, January 14, 2026

WSJ: İranda etirazların katalizatoru “Ayandeh Bank”ın müflisləşməsi olub

The Wall Street Journal” yazır ki, İranda yetişməkdə olan inqilabın ən böyük katalizatoru “Ayandeh Bank”ın çöküşü olub.

Bank rejimə yaxın şəxslər tərəfindən idarə olunurdu, nəhəng zərərlər edirdi (2025-ci ilin payızına qədər bu zərərlər 5 milyard dollara çatmışdı) və bankın öz rəhbərlərinə məxsus qurumlara kreditlər verirdi. Buna baxmayaraq, İran hakimiyyəti yeni çap edilmiş pullarla bankı maliyyələşdirir, bununla da ölkədə inflyasiyanı gücləndirir və adi vətəndaşların vəziyyətini daha da pisləşdirirdi. Lakin bankı xilas etmək mümkün olmadı — oktyabr ayında o, ləğv edildi. WSJ yazır ki, “Ayandeh Bank”ın iflası hakimiyyət sistemindəki korrupsiyanın simvoluna və iqtisadi tənəzzülün katalizatoruna çevrildi, bu da son nəticədə ölkədə iğtişaşlara yol açdı.

“Ayandeh Bank” 2013-cü ildə ölkənin ən varlı ailələrindən birinin üzvü və sabiq prezident Mahmud Əhmədinejadın tərəfdarı olan Əli Ənsari tərəfindən təsis edilib. WSJ-nin qeyd etdiyinə görə, “Ayandeh” ölkədə ən yüksək faiz dərəcələrini təklif edirdi ki, bu da milyonlarla əmanətçini cəlb etmişdi. Lakin bu, mərkəzi bankdan iri həcmdə borclanma tələb edirdi.

Dekabrın sonunda İran rialı tarixi minimuma düşərək 1 ABŞ dolları üçün 1,42 milyon rial səviyyəsinə enib. WSJ yazır ki, hakimiyyət rialın dəyərsizləşməsinin qarşısını almaq üçün heç nə edə bilməyib. ABŞ sanksiyaları səbəbindən İranın neft satışından əldə etdiyi valyuta gəlirləri kəskin azalıb, xarici valyuta ehtiyatları isə əlçatmaz olub. 2025-ci ilin yekunlarına görə, rial dollarla müqayisədə dəyərinin 84%-ni itirib. Ərzaq qiymətləri illik ifadədə 72% artıb ki, bu da son illərin orta göstəricisindən demək olar ki, iki dəfə çoxdur.

“Orta təbəqə məhv edilib”, — deyə Tehranın bir sakini WSJ-yə bildirib. — “Artıq yemək tapmağa belə cəhd edə bilməyəndə, itirəcək heç nəyin qalmır”.

Son xəbərlər
Digər xəbərlər